Avropa Liqasının qrup mərhələsinin II turunda sabah evdə "Qarabağ"la qarşıalaşacaq "Düdelanj"ın baş məşqçi əvəzi Bertran Krasson Lüksemburq mətbuatına müsahibə verib. Sportinfo.az xəbər verir ki, belçikalı mütəxəssis Azərbaycan təmsilçisi ilə keçirəcəkləri oyundan da danışıb.
- "Qarabağ"la ev oyununda uğur qazanacağınızı gözləyirsiz?
- Əlbəttə, qrupda ikinci yer haqda düşünmək gülməli olardı. Amma mən realistəm, özümü aldatmıram. "Sevilya" ilə matçlara normal hazırlaşmaq üçün bizə yaxşı nəticə lazımdır.
- Siz artıq komandanın baş məşqçisi hesab olunursuz?
- Xeyr, mən hələlik bu vəzifəni icra edirəm. Bildiyim qədərilə, qərar "Qarabağ"la oyundan sonra qəbul olunacaq.
- "Qarabağ"la matçda yeganə hədəf yaxşı nəticədir?
- Mənim baş məşqçi kimi də hədəflərim var. Amma hələ heç nəyi sübut etməmişəm. Yeni-yeni təcrübə toplayıram. Diqqət çəkmək üçün qalib gəlmək istəyirəm. Qrupdan çıxmağı arzulamadığımı desəm, yanlış olar.
- Baş məşqçi postunda olacağınızı gözləyirdiz?
- Xeyr, çünki Emilio Ferreyranı yaxşı tanıyıram. O, mənim məşqçim olub. Bura ona kömək etmək üçün gəlmişdim. Ancaq APOEL-lə görüşə 2 gün qalmış komandadan ayrıldı.
- Nikosiyadakı qələbədən sonra "Düdelanj"ın qrupda ikinci yer uğrunda mübarizə aparacağını gözləmək olar?
- Çox uzağa boylanmaq istəmirəm. Addım-addım irəliləməyə üstünlük verirəm. Futbolçuların inkişaf etdiyini görmək istəyirəm.
- Azərbaycan klubu haqda nə bilirsiz?
- Onların bir neçə oyunlarını izləmişəm. Evdə və səfərdə fərqli çıxış edirlər. Bu amil matçın əvvəlində bizə kömək edə bilər. Amma istənilən halda hər hansı nəticə öhdəliyimiz yoxdur. Sizə yalnız onu deyə bilərəm ki, "Qarabağ"ı məhv edəcəyik. Öz meydanımızda onlara təslim olmayacağıq.

