"Miçel "Atletiko"ya qol vuranda əlimizin üstündə gəzdirirdik, bu gün isə..."

19 Sentyabr 2019 23:53 Avropa Liqası 1 263
"Miçel "Atletiko"ya qol vuranda əlimizin üstündə gəzdirirdik, bu gün isə..."

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə "Sevilya"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Oyun gözlədiyimiz kimi oldu. Bilirdik ki, "Sevilya" çox səviyyəli komandadır. Onlara qarşı oynamaq asan deyil. Həm yaxşı top saxlayırlar, həm pressinq edirlər. Hərtəfəli komandadır. İlk hissədə qapımızı toxunulmaz saxlasaq da, ikinci yarıda yorulmağa başladıq. Konsentraiyamız aşağı düşdü, səhvlər etdik, kobud oynadıq. Zonalar üzrə boşluqlar oldu. Qol buraxdıqdan sonra isə əsəbləşdik və oyunu ələ ala bilmədik. İkinci qol da öz səhvimizdən vuruldu. Bundan sonra "Sevilya"ya qarşı nəsə etmək çətindir.

- Səviyyə fərqini hiss etdiz?

- Əlbəttə, ilk hissədəcə bunu hiss etdik. Bir toxunuşla oynamaları, açılmaları, topla hərəkətlərindən hər şey görünürdü. Çatdırmırdıq. Düzdür, bəzi epizodlarda başabaş oynasaq da, ümumilikdə rəqib bizdən daha yaxşı futbol sərgilədi.

- Bu gün bəzi futbolçularınız - Maqaye Qeye, Miçel sanki meydanda yox idi. Bunun da təsiri oldumu?

- Mən kimin necə oynamasına qiymət verə bilmərəm. Komanda yoldaşlarımdı. Onlar zəif təsir bağışlayıblarsa, deməli, mən də yaxşı oynamamışam. Hamımız birlikdə səhv etmişik. Miçel "Atletiko"ya qol vuranda əlimizin üstündən gəzdirirdik. Bu gün yaxşı oynamadısa, deyə bilmərik, onun günahıdır. Mən də istərdim ki, daha çox mübarizə aparaq, sərt oynayaq. Bir az aqressiya çatmadı. Biz topla oynamağı sevən komandayıq. Ona görə də aqressiya bizdə o qədər də alınmır.

- "Düdelanj"ın Nikosiyada APOEL-ə qalib gələcəyini gözləyirdiz? Halbuki hamı Lüksemburq təmsilçisinə 6 xallıq komanda gözü ilə baxırdı...

- Əlbəttə, gözləmək olardı. "Düdelanj" zəif rəqib deyil. 3-4 il əvvəl avrokuboklarda onları keçmişik. Ancaq bu gün həminki komanda deyil. Biz də dəyişmişik. APOEL-i səfərdə udurlarsa, məncə, qrupumuzda 2-ci yer uğrunda çox maraqlı mübarizə olacaq.

- "Düdelanj"ın qələbəsinin "Qarabağ"ın işinə yaradığını demək olarmı?

- Mən elə düşünmürəm. Çünki bizim "Düdelanj" və APOEL-lə necə oynayacağımız bilinmir. Onları hələ analiz etməmişik. Bu gün ən ağır oyunumuzu keçirdik. Bu oyunla Azərbaycan çempionatındakı matçlarımız arasında yerlə göy qədər fərq var.

- Bu cür oyunlardan sonra çempionat matçlarına köklənmək çətin olmur?

- Nə edə bilərik? Oynamalıyıq. Biz Azərbaycan çempionatında, "Sevilya" isə La Liqada çıxış edir. Oynamaq məcburiyyətindəyik. Onların öz çempionatı var, bizim də öz Premyer Liqamız.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA