2002-2006-cı illərdə "Qarabağ"ın aparıcı hücumçusu olan Samir Musayev Sportinfo.az-a müsahibə verib. O, Ağdam təmsilçisinin bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Sevilya"ya qarşı keçirəcəyi oyun barədə danışıb. Bununla yanaşı "Qarabağ"ın qrupdan çıxmaq şanslarını da dəyərləndirib:
- "Qarabağ" bu gün "Sevilya" önünə çıxacaq. Təmsilçimiz hansı nəticəni qazana bilər?
- Nəticəni deyə bilmərəm, amma maraqlı oyun olacağına əminəm. Bizim üçün yeni rəqibdir. Üstəlik evdə oynayacağıq. İnşallah oyun bizim üçün yaxşı nəticə ilə bitər.
- “Qarabağ”ın rəqibi üzərində hər hansı üstünlüyü varmı?
- Bizim üstünlüyümz evdə oynamaq və azarkeşlərimizdir. Oyun baxımından isə məşqçilərin hansı oyuna üstünlük verməsindən çox şey asıldır.
- “Qarabağ”ın hücumçusu Mahir Emrelinin "Sevilya" ilə matçda meydana çıxmayacağı dəqiqləşib. Onun yoxluğu komandası üçün böyük itkidir?
- Əlbəttə ki, hər bir futbolçunun olmaması “Qarabağ” üçün itkidir. Çünki “Qarabağ”ın “Sevilya” kimi oyunçu seçimi çox deyil. Amma yenə də Qurban Qurbanov kimin Mahiri daha yaxşı əvəzləyicini hamıdan yaxşı bilir.
- Ölkə çempionumuz nəyin və yaxud da kimin sayəsində rəqibindən xal ala bilər?
- “Qarabağ” kimin yox, komanda oyununun, əzmkarlığın, istəyin və məşqçinin tapşırıqlarını düzgün yerinə yetirməyin hesabına rəqibindən xal ala bilər.
- “Qarabağ”ın “Sevilya”dan xal alması və ya qalib gəlməsi sənin üçün də böyük sürpriz olacaq?
- İnşallah "Qarabağ" "Sevilya"ya qalib gələr. Mənim üçün "Qarabağ"ın bu gün qalib gəlməsi sürpriz olmayacaq. Çünki təmsilçimiz buna qadir komandadır.
- “Qarabağ” 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində İspaniya təmsilçisi “Atletiko”dan xal ala bilmişdi. Qurban Qurbanov özü də bildirib ki, ispan futbolunun həvəskarıdır. Səncə, Qurbanovun ispan futboluna olan xüsusi rəğbəti “Qarabağ”ın “Sevilya”dan xal almasına kömək ola bilər?
- Dediyim kimi məşqçilərin hansı futbola üstünlük verməsindən və rəqibi yaxşı analiz etməkdən çox şey asılıdır.
- Necə düşünürsən, "Qarabağ" bu qrupdan çıxa biləcək?
- Bu mövsüm qrupdan çıxmaq üçün “Qarabağ”ın əla şansı var. Çalışıb, bundan maksimum istifadə etməliyik. İnanıram ki, “Qarabağ” bu mövsüm Avropa Liqasının qrupundan çıxacaq.
Mir BAĞIR

