Bu gün "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək. Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda "Sevilya" ilə qarşılaşacaq.
Sportinfo.az xəbər verir ki, İspaniyanın "Marca" nəşrindən olan həmkarlarımız Ağdam klubunun ispaniyalı futbolçusu Xayme Romero ilə söhbətləşiblər. Yarımmüdafiəçi əvvəlcə "Qarabağ"dakı karyerası haqqında danışıb:
"Qarabağ"ın heyətində 10 oyunda 3 qol vurmuşam və 5 məhsuldar ötürmə vermişəm. Adaptasiya müddətim tez keçdi. İndi özümü burada çox yaxşı hiss edirəm. Uzun müddətdir Azərbaycanda olan Miçellə Dani Kintana da mənə kömək edirlər ki, heç bir problem olmasın".
Romero "Qarabağ"a necə gəlib çıxdığı haqda da məlumat verib: "Məşqçi hələ bir neçə il əvvəl istəyirdi ki, "Qarabağ"a keçim. Ancaq həmin vaxt bu mümkün olmadı. Bu il onlar yenə zəng etdilər və yaxşı təklif irəli sürdülər. 3 illik müqavilə təklif olundu ki, bu da yaxşı stimul idi".
"Qarabağ"ın Çempionlar Liqasında mübarizəyə başlamasını və III təsnifat mərhələsində APOEL-ə uduzaraq, mübarizəni dayandırmasını yada salan həmkarlarımız Kipr klubunun Avroliqada da Qurban Qurbanovun komandası ilə eyni qrupa düşdüyünü vurğulayıblar. Romero APOEL-i səfərdə məğlub etdiklərini xatırladıb:
"Fiziki cəhətdən özümü çox yaxşı hiss edirəm. Həm də komandada rahatam. "Qarabağ" Avroliqada pley-offa yüksələ bilər. İnanıram ki, heç vaxt reallaşmayan bu arzunu gerçəkləşdirə bilərik".
Xayme "Sevilya"ya qarşı oyunun ağır olacağını vurğulayıb: "Bu mövsüm "Sevilya"nın oyunlarını çox da izləyə bilməmişəm. Amma bilirəm ki, La Liqada liderdirlər. Onların futbolçularının ustalıq səviyyələrinin yüksək olmasından xəbərimiz var. Əla komandaları var və aydın məsələdir ki, "Sevilya" Avropa Liqasını qazanmağa əsas namizədlərdən biridir. Buna baxmayaraq, öz meydanımızda qalib gəlməyə çalışacağıq. "Sevilya"nı məğlub etmək ambisyamız olmasaydı, heç meydana çıxmazdıq. Əgər qələbə haqqında düşünmürsənsə, niyə oynayırsan? Bizim komandamızın oyun üslubu elədir ki, top saxlamağı xoşlayırıq. Çalışacağıq, topa nəzarət edək və yaxşı müdafiə olunaq. Hücumda da komanda şəklində çoxalaraq, rəqib qapısı qarşısında təhlükə yaratmaq üçün əlimizdən gələni edəcəyik".
"Marca" İngiltərə Premyer Liqasında oynamış Asmir Beqoviç və Portuqaliya "Sportinq"də çıxış etmiş Ayltonun hazırda "Qarabağ"da olduğunu vurğulayıb. Xayme Ağdam klubunun yaxşı imkanlara malik olduğunu bildirib:
"Burada fantastik imkanlar var. Komanda təsadüfən 6 il ardıcıl avrokuboklarda qruplara düşməyib. Buradakı şərait La Liqanın yaxşı klubları səviyyəsindədir. Bizim öz bazamız, istirahət otaqları, yeməkxana və əla meydançalar var. Baş məşqçimiz Qurban Qurbanov çox çalışqan insandır. Uzun illərdir bu komandadadır və "Qarabağ"da müsbətə doğru çox şeyi dəyişib. Onun səyləri ilə komanda çempionatın qalibi olur və Avropa Liqasının qrupuna yüksəlir".

