"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turunun "Sevilya" ilə oyunu öncəsi mətbuat konfransı keçirir. Sportinfo.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib.
- Əlbəttə, belə bir komandanın Bakıya gəlməsi hamımız üçün sevindiricidir. Bir ilə yaxındır azarkeşlər bu cür komandalara qarşı canlı oyun görmürlər. Sabah yaxşı oyunu göstərəcək, sona qədər mübarizə aparmağa çalışacağıq.
- Sabah sensasiya edə bilərsiz? Şansları necə dəyərləndirirsiz?
- "Sevilya" Avroliqada oynamasına baxmayaraq, Çempionlar Liqasında çıxış etməyə layiq komandadır. Öz meydanımızda oynayacağımızdan ən yaxşısını etmək istəyirik. Düşündüyümüz oyunu göstərə bilsək, uğurlu nəticə qazanmaq olar.
- Mahirin vəziyyəti necədir?
- Durumu yaxşı deyil. Böyük ehtimalla, oynamayacaq.
- Komandanızdakı ispan oyunçulardan "Sevilya" haqda məlumat almısız?
- Miçel yanımdadı. Amma heç bir məlumat almamışam. Buna ehtiyac da yoxdur. "Sevilya"nı hamımız tanıyırıq.
- Lopetegini nə dərəcədə tanıyırsız? Ümumiyyətlə, "Sevilya"dan kimi xüsusi fərqləndirərdiz?
- Onunla xüsusi tanışlığım yoxdur. Amma "Real" və İspaniya millisində işləməsi hər şeydən xəbər verir. Onun işinə dəyər verirəm. Komandasından əsl ispan futbolu oynamasını tələb edir. Ümumiyyətlə, ispan futboluna marağım böyükdür. Ən çox izlədiyim çempionat La Liqa, milli komanda isə İspaniyadır. "Sevilya"nın heyətində tək bir nəfəri yox, hamısını qeyd edə bilərəm. Baneqanı deyim, Çiçaritonu deyim, Navası deyim? Sabah onlara qarşı layiqli mübarizə aparacağıq ki, azarkeşlərimiz oyundan razı qalsınlar.
- "Sevilya" rəsmiləri "Qarabağ"ın "Atletiko" ilə heç-heçə oynadığı matçları tez-tez xatırlayırlar. Düşünmürsüz ki, bu amil sizə sərf etmir. Çünki "Sevilya" oyuna ciddi yanaşacaq...
- Açıqlamalarından da görünür ki, oyuna ciddi hazırlaşıblar. Ola bilər ki, bu, "Atletiko" ilə matçlarımıza görədir. Amma inanmıram ki, qrupda hansısa komanda özünü rahat hiss etsin və ciddi yanaşmasın. Xüsusilə də ispan komandası. Son vaxtlar futbolda çox gözlənilməz nəticələr olur. Bu da iddialı komandaları oyuna ciddi hazırlaşmağa məcbur edir. Sabah "Sevilya" da həddən artıq ciddi olacaq.

