"Qarabağ" Avropa Liqasında çətin qrupa düşüb"
Bunu Sportinfo.az-a açıqlamasında "Nyu-York Kosmos"un futbolçusu Ansi Aqolli deyib.
"Qarabağ"da oynamış albaniyalı müdafiəçi Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib. Onun sözlərinə görə, "Qarabağ" üçün qrupdakı oyunlar çətin alınacaq:
"Qrupun favoriti "Sevilya"dır. İkinci pilləni hansı komandanın tutacağı isə müzakirəyə açıq məsələdir. "Qarabağ" Kipr klubunu Çempionlar Liqasından tanıyır. Lakin "Düdelanj"ı da unutmaq olmaz. Lüksemburq təmsilçisi yaxşı komandadır. Ötən mövsüm avrokuboklarda yaxşı nəticələr qazanıb. "Düdelanj"a qarşı ehtiyatlı olmaq lazımdır".
Aqolli "Qarabağ" oyunçularının APOEL-lə görüşlərə revanş gözü ilə baxmamağı məsləhət görüb: "APOEL-ə qarşı oyunlar da, "Qarabağ" üçün qrupdakı matçlardan biridir. Onlarla görüşə revanş kimi baxmaq lazım deyil. Sadəc,ə meydanda maksimum güc qoymaq lazımdır. Ümidvaram, hər şey yaxşı olacaq".
Sonda isə təcrübəli oyunçu İbrahim Şehiçin "Qarabağ"a qayıda biləcəyi xəbərinə münasibət bildirib: "İbo" "Qarabağ"ı, oranın mentaliteti yaxşı tanıyır. O, beş il bu komandada çıxış edib. Əgər həqiqətən Şehiç "Qarabağ"a qayıdırsa, yaxşı xəbərdir".

