Rövnəq Abdullayevdən "Qarabağ"a təbrik: "Avroliqa bizim üçün doğmalaşıb"

30 Avqust 2019 17:39 Avropa Liqası 662
Rövnəq Abdullayevdən "Qarabağ"a təbrik: "Avroliqa bizim üçün doğmalaşıb"

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev "Qarabağ"ı UEFA Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, AFFA-nın rəsmi saytına danışan Abdullayev ardıcıl qazanılan uğurların Azərbaycan futbolunda sabitliyin göstəricisi olduğunu bildirib:

“Avropanın ikinci ən nüfuzlu klub turnirinin qrup mərhələsinə növbəti dəfə yüksəlməsi münasibətilə “Qarabağ” klubunun bütün kollektivini təbrik edirəm. Ardıcıl 6-cı dəfədir ki, bunlardan biri UEFA Çempionlar Liqası olmaqla – avrokuboklarda qrupa vəsiqə qazanmaq vəzifəsinin öhdəsindən gələn “Qarabağ” azarkeşlərinə, ölkəmizin futbol ictimaiyyətinə böyük sevinc hissləri yaşadır.

İllər öncə “Neftçi”nin UEFA Avropa Liqasının qrup mərhələsində çıxış etməsi, sonra “Qəbələ” klubunun eyni nəticəyə iki dəfə imza atması və təbii ki, “Qarabağ”ın ardıcıl uğurları Azərbaycan futbolunda sabitliyin göstəriciləridir. Klublarımızın dəfələrlə UEFA Avropa Liqasının qrupuna vəsiqə qazanması bu turniri bizim üçün sanki doğmalaşdırıb. Üstəlik, bu il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi ilə Azərbaycan futbol ailəsi olaraq təşkilati baxımdan turnirin tarixində özünəməxsus mövqe tutmağı bacarmışıq".

AFFA prezidenti bu gün keçirilən püşkatmanın nəticəsini də dəyərləndirib: "Artıq qrup mərhələsinin püşkü atılıb. “Qarabağ” A qrupunda “Sevilya”, APOEL və “Düdelanj” komandaları ilə mübarizə aparacaq. İspaniya, Kipr və Lüksemburq təmsilçilərinə qarşı oyunlarda komandamızın uğurlu çıxış edəcəyinə inanırıq. “Qarabağ”a qrup mərhələsində uğurlar və idman xoşbəxtliyi, mövsümün qarşıdakı hissəsində Avropa Liqasında 6 deyil, daha çox oyun keçirməsini arzulayıram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA