"Ümumi götürsək, maraqlı qrupa düşdük".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov klubun rəsmi saytına açıqlamasında deyib. Təcrübəli müdafiəçi Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib:
"Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, "Sevilya" bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun".
"Qarabağ" Avroliqada "Sevilya", APOEL və "Düdelanj"la A qrupunda yer alıb.

