Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Linfild”ə məğlub olan (2:3) “Qarabağ” Bakıdakı cavab görüşündə 2:1 hesabı ilə qalib gələrək qrupa vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında qələbəni şərh edib:
- APOEL-ə məğlubiyyətdən sonra azarkeşlər bu gün də bizi möhtəşəm dəstəklədilər. Onları təbrik edirəm. Futbolçularımı təbrik edirəm. Bizim üçün asan olmadı. Bəlkə də, avrokuboklarda ən çox qol epizodu yaratdığımız ildi. Bu özü böyük uğurdu. Deməli, futbolçularımızın ustalığını tez zamanda daha da yaxşılaşdırmalıyıq. Yenə qrupa düşdük. Sabahı gözləyək, görək hansı komandalar düşəcək. Şimali İrlandiya komandası göstərdi ki, futbolda zəif rəqib yoxdu. Futbolçularımız çox intizamlı oynadılar. Son dəqiqədə buraxılan qol planda yox idi. Üzərimizdə böyük təzyiq var idi. Çünki avrokuboklarda Azərbaycan komandaları arasında tək qalmışıq. Belədə oyunçuları hazırlamaq da asan olmur. “Linfild” də çox istəkli idi, müdafiə olunmaqdan həzz alırdılar. Onlar bura elə-belə gəlib çıxmayıblar.
- Bu oyunun sizin üçün əhəmiyyəti nə dərəcədədi?
- Hər bir oyunun baş məşqçi üçün əhəmiyyəti böyükdü. Bilmirəm, 100-cü oyun olduğu üçünmü bu sualı verirsiniz. Mənim üçün “Səbail”lə qarşıdakı oyun da vacibdi. Daim futbolçuları qələbəyə kökləməliyik
- Romero orta sahədə ümidləri doğrultdumu?
- Haymenin mövqeyini dəyişmişdik. Çünki hücumda daha sürətli oynamaq istəyirdik. Sona qədər yaxşı oynadı. Layiqincə sona kimi oynadı.
- 6-cı dəfə qrupa düşdünüz. İlk uğur yadınızdadımı?
- Çox yaxşı xatırlayıram. “Tvente” üzərində qələbədə göz yaşlarım olmuşdu. İndi daha təcrübəliyəm. İlk qələbənin ləzzəti fərqli olur. Hamı Çempionlar Liqasına vəsiqəni düşünürdü. Amma Avropa Liqasına düşməyin məsuliyyəti də var idi. Turnirə yaxşı hazırlaşanda və qalib olmaq istəyəndə əziyyət çəkirsən. Bunun bəhrəsini görəndə sevincli, görməyəndə kədərli olursan.

