Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Linfild"i məğlub etdikləri qarşılaşmadan sonra sualları cavablandırıb.
- "Qarabağ" ardıcıl 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandı. Artıq vərdiş etmisiz. Hansı hissləri keçirirsiz?
- Bilirsiz ki, Şimali İrlandiyaya mən də getmişdim. Orada "Qarabağ" haqda eşitdiyim sözlər, bizim nəhəng komanda olduğumuzu demələri, qəzetlərində bizim haqda gedən yazılar mənə çox xoş təsir bağışladı. Səfərdəki nəticəyə görə çox pis olmuşdum. Amma "Qarabağ"a inanırdım. Bilirdim ki, biz məğlubiyyətə deyilik. Bununla belə çox gərgin idim. Bu gün "Qarabağ" rəqibdən aşkar üstün oynadı. Özünə inandı, gözəl oyun sərgilədi, layiqli qələbə qazandı. Əziz xalqımı, "Qarabağ"ı sevənləri təbrik edirəm. Bu axşam biz bir millət olaraq çox sevindik.
- APOEL-lə oyundakı məğlubiyyət komandada inamsızlıq yaratmışdı?
- Xeyr, inamsızlıq yaratmamışdı. Etiraf edim ki, APOEL-lə Bakıdakı məğlubiyyətdən daha çox Şimali İrlandiyada uduzmağımız mənə çox təsir etmişdi. Futbol müəmmalıdır, heç nə bilinmir, həyat kimidir, sürprizlərlə doludur. Komandamızın ruh halını saxlamaq və belə davam etmək lazım idi. Bu məğlubiyyətlər bizi daha da gücləndirdi və bu yerə çatdıq.
- Beş dəfə Avropa Liqasının qrupunda iştirak etmisiniz. Bu dəfə qrupda hansı hədəf var?
- Püşkatmada futbol adamları ilə önəmli görüşüm olacaq. Püşkdə bir az bəxt də lazımdır.
- Yəqin ki, qrupda “Mançester Yunayted”lə qarşılaşmaq istəmərsiniz...
- Onları Bakıda görmək də böyük şərəf olar. Ancaq indi deyil, daha sonra (gülür).
- Komanda artıq qrup mərhələsindədir. Güclənməyə ehtiyac var? Transferlər gözlənilir?
- Avropadakı uğurumuz klubun büdcəsinə çox kömək edir. Ancaq mənimlə razılaşarsınız ki, aldığımız yeni futbolçular effektli oldu. Hər oyun arzum budur ki, “Qarabağ” daha yüksək səviyyədə çıxış etsin.
- “Genqam” Abdullah Zubir üçün bir milyon avro ödəmək istəyir. Onu satmaq fikriniz var? Zubiri bu qiymətə satsanız, sizə xeyri olar?
- Heç bir fikrimiz yoxdur. Kimisə satmaq istəmirik. Bizim güclü olmağa ehtiyacımız var. Var gücümüzlə davam edəcəyik. O vəziyyətdə deyilik ki, oyunçumuzu sataq. “Qarabağ” artıq futbolçu gətirib, Avropaya yaxşı qiymətə satmalıdır. Buna nail olsaq, böyük təminatımız olacaq. Əslində, bunu danışmaq üçün Monakoya gedəcəm. “Qarabağ”ı Avropada daha inkişaf etmiş bir klub edə biləcəyik? Bu, məni həyəcanlandırır.
- Qrup oyunları Olimpiya stadionunda olacaq, yoxsa Tofiq Bəhramov adına Respublika stadionunda? Azarkeşlər BOS-a getməyə çətinlik çəkir.
- Sizinlə razıyam. Baxacağıq. Böyük klublar olsa, bizə 70 min azarkeş lazımdır, nəinki 30 min. Görək, nə baş verir. Hələlik, bizim üçün bura daha yaxşıdır.
- Qrupda minimum hədəf nədir?
- Rekord vurmaq, mərhələ keçmək! Tarixdə belə güclü “Qarabağ” olmayıb. Biz buna layiq idik. Biz buna hazırlaşmışıq. Görün, neçə ildir Qurban Qurbanov klubdadır. Etiraf edim ki, çatışmayan cəhət var. Oyunlar o qədər gərgin keçir ki, yerli futbolçularımıza çox şans verə bilmirik. Bundan narahatam. Arzu edərdim ki, Rahil Məmmədovdan başqa üç-dörd yerli uşaq da oynasın. O qədər gərgin oyunlar var ki... Ya hədəfə getməliyik, ya da futbolçularımıza şans verməliyik. Hədəfə gedəndə sevinirəm. Ancaq kluba baxanda öz oyunçularımızı görmürəm. Bu yolla nə qədər getsək, axırı olmayacaq. Səmimi düşüncələrimi sizinlə bölüşürəm. Gizli mesaj vermirəm. Yerli futbolçunun az olması məni narahat edir.

