"3:2 sürüşkən hesabdır, amma ümid verir" – "Linfild"in kapitanı

29 Avqust 2019 16:08 Avropa Liqası 601
"3:2 sürüşkən hesabdır, amma ümid verir" – "Linfild"in kapitanı

Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda bu gün Bakıda “Qarabağ”ın qonağı olacaq “Linfild”in kapitanı Ceymi Malqryu klubun rəsmi saytına müsahibə verib. Sportinfo.az həmin müsahibəni təqdim edir.

- Bakı və oyunun keçiriləcəyi stadionla bağlı təəssüratlarınız necədir?

- Stadion fantastik, ot örtüyü isə inanılmazdır. Bir sözlə, futbol üçün hər şey var. Bütün komanda səbrsizliklə oyunu gözləyir. Gözəl oteldə qalırıq, əla təşkilatçılıq var. Burada qonaq qəbul etməyi bacarırlar. Hər şey yüksək səviyyədədir. Bizə yalnız yaxşı hazırlaşmaq qalır.

- Komandadakı ab-hava haqda nə deyə bilərsiz?

- Hər şey yaxşıdır, komanda maçta hazırdır. Oyundan-oyuna daha güclü oluruq. Bütün futbolçular yaxşı formadadır. Əminəm ki, hazırlıq dövründən maksimum yararlandıq.

- İlk oyundakı nəticə cavab matçında “Linfild”ə nə dərəcədə şans verir?

- Əsas odur ki, mərhələ adlamaq şanslarımız qalır. Belfastda gözəl oyun sərgilədik. Bununla belə, son dəqiqələrdə lazımsız qol buraxdıq. Yaxşı başa düşürük ki, təkcə idman yox, maliyyə tərəfdən də qarşımızda tarixi imkan var. Avropa Liqasının qrupuna düşmək klubun büdcəsinə də müsbət təsir edəcək.

- Çox az adam “Linfild”in pley-off mərhələsinə qədər irəliləyəcəyini gözləyirdi. Bunu necə bacardız?

- Hər oyundan, hər qələbədən sonra sən uğura daha da ac olursan. Gəldiyimiz nöqtədə dayanmaq istəmirik. Hə, bu, artıq yüksəlişdir. Amma əgər səni böyük nailiyyətdən cəmi 90 dəqiqə ayırırsa, bu, hər zaman cəlbedicidir. Əlbəttə, 3:2 sürüşkən hesabdır, amma bizə ümid verir. Üstəlik, hamımız qarşıdakı oyuna çox ciddi hazırlaşmışıq.

- Oyundan gözləntiləriniz nədir?

- Başa düşürük, “Qarabağ” evdə oynayacaq, buna görə də bizi daha intensiv və gərgin oyun gözləyir. Amma evdəki kimi oynasaq, hər şey qaydasında olacaq. İlk dəqiqələr, ümumiyyətlə, birinci hissə çox vacib olacaq. Startda “Qarabağ”ın hücumlarının qarşısını ala bilsək, yaxşı nəticəyə ümid edə bilərik.

- Baş məşqçi dünənki mətbuat konfransında tarixi uğur haqda danışıb. Bu, futbolçularda təzyiq yaratmır?

- Buna təzyiq deməzdim. Sadəcə, bir az həyəcan olacaq. İlk oyunda heç kim bizdən yaxşı nəticə gözləmirdi. Amma biz bunu bacardıq. İnsanlar fikirləşirdi ki, hər şey birinci matçda həll olunacaq. Hər birimiz üçün karyeramızın ən önəmli matçıdır

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA