Qara məni basınca...

29 Avqust 2019 13:44 Avropa Liqası 947
Qara məni basınca...

«Siz oynadınızsa, niyə özünüzdən imkanları aşağı olan kluba uduzdunuz?» adi, birbaşa, fəqət «Qarabağ» sükançısının – Qurban Qurbanovun yayğın cavablarının ustalıqla ritorikləşdirdiyi məntiqə görə, az qala, zalım və amansız fələyin yüz min oyununun qurbanı olublar.

Əlacları olsa, ötən əsrlərin ədəbi nümunələrinin dili ilə əcinələr, dərvişlərin onlara qənim kəsildiyini deyər.

«Neftçi» niyə İsraildə (fərqli və ya adi qaydada) oynamaq istəmədi? - çox qəribə, amma ondan da əfzəl çox əcaib fəsadlı, yaxud da fəsadlara yol aça biləcək sualdır.

Çünki klub ən azı, ya ən çoxu, buna cəhd göstərə bilərdi.

Əgər deyilənlərin təbirinə uysaq, «Bney Yehuda» qəfil və möcüzəli şəkildə təşkilatlanmış və hər şeyi qəfil ilahi vergi hesabına əldə etmiş ilahi qüvvəyə çevrilib və artıq cari mövsümdə avrokuboku başı üzərinə qaldıracağı qarşısıalınmaz faktdır, superkuboka vəsiqə alacaq bir komandanın adı məlumdur.

O biri komanda isə APOEL-dir. İndidən hazırlaşın və kontorlarda gələn ilin Avropa supekrkubokunda APOEL – «Bney Yehuda» cütlüyünə indidən "stavka" edin...

Amma meydanda baş verənlər deyirdi ki, hər iki təmsilçimizin oyun çözümü bir neçə taktiki gedişdə idi və hətta indiki heyətlə, yaxud onun istənilən forması ilə mərhələ adlamaq mümkün idi.

Hətta bir çoxlarının düşündüyünün əksinə olaraq, söhbət hansısa oyunçunun olub-olmamasından getmir. Hər hansısa oyunçunun meydanda varlığının vacibliyi yalnız rəqib daha güclü və taktiki imkanları geniş olanda meydana çıxır.

Bu halda həmin rəqibə qarşı dayanmaq və taktiki fəndgirlik etmək üçün bir oyunçudan asılı olan komandanın ehtiyat skamyası dar olmalıdır.

Bu, həmin hal idimi?

Ona görə də ya «Neftçi» və «Qarabağ»ın baş məşqçiləri illərdir mənimsədikləri bir sıra ehkamları dağıdaraq öz üzərlərində işləmək istəmirlər, ya da burada başqa bir oyunları da olub. İllərdir davam edən bir hal ehkama çevrilir, ona görə başqa söz tapmaq olmur.

Axı ola bilməz ki, mövsümün əvvəlində elə ilk oyunda tam fərqli bir üslub nümayiş etdirərək yeni mərhələnin siqnalını verən bir komanda daha sonra 180 dərəcə geri dönsün.

Cəmi 1 oyundan sonra həmin yeniliklərin heç izi-tozu da qalmırsa, bu möcüzəyə, icada nə ad desən, vermək olar.

Başqa sözlə, dediyimiz əsrlərin ədəbi nümunələrinin dili ilə «Qarabağ» elə bir möcüz icad edə bilir ki, sonra bir sual verəndə, şairimizin məşhur kəlamını da baş məşqçisinin dil-dodağı ilə dilə gətirə bilir.

Qısası, qara məni basınca...

Sübut olunsa ki «Qarabağ»ın APOEL-lə cavab görüşündə məğlubiyyəti təsadüf idi, hər şeyə inanmaq olar.

Axı ən azı «Qarabağ»ın itirə biləcəyi bir deyil, bir neçə milyonlarla avrodan söhbət gedirsə, hələ bunun da mükafatında, ən azı, Avropa liqasının qrupuna vəsiqə, deməli, daha 6 oyunluq imkanlar varsa, qələbə həvəsli komandanın hər bir rəsmisi, məşqçisi, futbolçusu canını və hətta ondan da artığını qoyar ki, bu məbləğdən payını götürsün.

Yoxsa bunlar qəfil elə həmin ədəbi dərvişlərsayağı əsatirlərə inanmağa başlayıblar ki, bundan sonrakı fələkləri özləri idarə edəcəklər, istədikləri tifağı dağıdacaqlar. Özü də söhbət bizim futbolçularımızdan gedirsə.

Heç bir karyera yüksəlişi və peşəkarlıq inkişafına maraq; ad-san, imic və səviyyəyə, bacarığa və qabiliyyətə cəhd; sabaha və gələcəyə həvəs, ən sonda, vətən naminə qeyrət göstərmədən, zəhmət, əziyyət çəkmədən yerli klubların verldiyi 5-10 quruş artıq pula razı olub ölkəni tərk etməyən futbolçulardan pul hərisliyi gözləməyə də azaokeşin haqqı çatır.

Beləcə, maraqların kəsişdiyi nöqtələr varsa, komandanın meydanda nə üçün can qoymadığını normal düşüncə ilə anlamaq olmaz. Yəqin yekun söz də belə olar: uduzmağı da bacarmaq lazımdır.

İndi azarkeşin ümidi qalib cəmi bir matça. Yaxud «Linfild»lə cəmi saatyarımlıq bir «oyun»a ki, 6 oyunluq qrup mərhələsində Avropadan heç olmasa, düz-əməlli bir komandanı Bakıda görsün.

BATI YAR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA