Azərbaycan klublarının qəfil uçuruma meyillənməsi və bu xüsusda "Neftçi"nin iflası və "Qarabağ"ın da eyni ssenari ilə üzü aşağı yuvarlanmağa başlaması indiki mövsüm üçün perspektivə şübhə ilə yanaşmağa əsas verir.
Əlbəttə, azarkeşlik, istək, ümid və bir də rəqibin obyektiv zəif olması haradasa "Qarabağ"ın bu il də qrup raundunda yer alacağına, cüzi də olsa, ümid yaradır.
Bir sözlə, artıq ikinci rəqib və dördüncü oyundur ki, hər şey "Qarabağ"ın öz əlindədir – uduzsa, baiskarı, udsa, səbəbkarı özü olacaq, yəni, rəqibin bu məsələlərə heç bir dəxli yoxdur.
Oyunlar göstərirdi ki, onlar da möcüz icad etməyiblər.
Yeri gəlmişkən, ilkin mərhələdən söz açmamağımızın səbəbi aydındır: həmin mərhələdə Azərbaycan çempionunun məğlubiyyətini klub rəhbərliyindən savayı kimsə qəbul etməzdi.
Nə üçün və nədən klublarımız, özü də eyni təmsilçilərimiz, artıq dalbadal ikinci ildir ki, bu həndəvərdə ilişirlər?
«Qarabağ» oyunsuzluqla olsa belə, səviyyə, nüfuz və adının təsiri ilə qrupa düşə bilir. Di gəl, "Neftç"» ötənilki "macar faciəsi"ni bu il ondan da betər "Yehuda şahidliyi" ilə gömdü.
Əslində, bu elə bir təkrardır ki, artıq ona nə qiymət, nə də bir söz sərf etməyə dəyir. Bu səbəbdən hansısa taktiki fəndgirlikdən, gedişlərdən bəhs etməyə də lüzum yoxdur.
Taktiki çözüm axtarsaq, istəsək belə, qələmin sivri ucunu əyib nədən yazaq? İllərdir eyni bataqlıqda çabalayaraq oradan çıxmaq istəməyən klublarda problemin kökü, deməli, başqadır, özəldir və ya özüldədir.
Başqa cür düşünmək istəsək, ya oyun düz deyil, ya da elə həmin oyun girdabıdır, yozanlar anlamır. Bir sözlə, yozanları da anlamaq olar: əyrisini fikirləşmək istəmirlər, oyun quranlar isə, sadəcə, heç nə anlamırmış kimi, tövrünü dəyişmir və bildiklərini dəyişmək istəmirlər.
Dəyişən və dəyişməyən oyunsonrası sözlərdir, özü də bu il daha absurd şəkildə – biri "səhv etdim" deyərək, günahlarını yuduzdurmaq istəyir, digəri isə heç bunu da etmir, çünki nüfuz, ad-san sahibidir, bunu xərcləməyə başlasa belə, boğcasında, arsenalında söz çoxdur.
Utanmadan hələ oyunçularını təbrik edir və az qala, özünü də bu sıraya qoşmaq istəyir.
BATI YAR

