Sabah Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Şimali İrlandiyada “Linfild”in qonağı olacaq “Qarabağ” ciddi problemlə üzləşib.
Sportinfo.az xəbər verir ki, Kipr APOEL-i ev oyununda müvafiq olaraq sarı və qırmızı vərəqə alan mərkəz müdafiəçisi Rahil Məmmədovla pleymeyker Riçard Almeyda cəzalı duruma düşüb.
Digər mərkəz müdafiəçisi Bədavi Hüseynovla yarımmüdafiəçi Filip Ozobiçin də zədə səbəbindən meydana çıxmayacaqları dəqiqdir.
Üstəlik, cinah müdafiəçiləri – Maksim Medvedevlə Ailton Silva Premyer Liqanın I turunda “Keşlə” ilə matçda zədələniblər.
Dayaq yarımmüdafiəçisi Simeon Slavçev isə məşqdə xəsarət alıb. Bu üç futbolçunun meydana çıxması sual altındadır.
Qeyd edək ki, avqustun 22-də keçiriləcək "Linfild" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

