Bordin "Neftçi"yə yaramır

16 Avqust 2019 11:58 Avropa Liqası 1 005
Bordin "Neftçi"yə yaramır

"Qarabağ", ardınca "Neftçi" ələndi. Roberto Bordinin üzü ağ olmasın, pley-off-a vəsiqəni öz əliylə "Bney Yehuda"ya təhvil verdi. Medalın görünən tərəfində baiskar odu.

Düzdür, İsrail klubları tarixən bizə düşərsizdi: nə vaxt qarşımıza çıxıblar, mübarizəni dayandırmışıq. Buna sindrommu deyək, tilsimmi deyək, nə deyirik-deyək, "Bney Yehuda" səddini aşmaq "Neftçi"nin borcu idi.

Tula "Arsenal"ını udan komandadan ötrü onlar, "yem" idi, "yem"! Nə biləsən, bəlkə də bakılı futbolçular tulalıları London "Arsenal" ilə səhv salıb və o qələbələrdən sonra artıq Azərbaycan yox, İngiltərə Premyer Liqası səviyyəsinə yüksəldiklərini zənn ediblər.

Nə düşünürlər düşünsünlər, rəqibə yuxarıdan-aşağı baxmaq peşəkarlığa ziddir. Pley-off mərhələsinə çıxmaq fürsəti var ikən, belə bir boşluğa yol vermək bağışlanmaz qəbahətdir.

Bordinin "məğlubiyyətdə özümü günahlandırıram" açıqlaması məsuliyyət hissini tamamilə onun üzərinə qoymur.

Bəli, "Neftçi" uzun yolun ortasında qurşaqdan aşağı zərbə alıbsa, baş məşqçi sözünün üstündə dayanmalı və mədəni surətdə qərar verməlidir.

Bu da ki, istefadır! Ərizəini yazmalı, müqaviləsinin qalan hissəsinə görə ona çatmalı olan puldan imtina etməli, sağollaşıb getməlidir. Bu, onun "Neftçi" qarşısında günahını bir qədər yuyar.

İtalyanın yetkisi böyükdü, di gəl, təcrübəsi və baxışları belə böyük klubu çalışdırmağa azlıq eləyir. Bir vaxtlar "Şerif"in sükanı arxasında olması Bordinin "Neftçi"də də uğur qazanacağının təminatını vermir.

Bordin getsə də "Neftçi"də iz qoymadan gedəcək. Bu klub onun "boşqab"ı deyil və "Neftçi"ni Bordinin çalışacağı yerə çevirənlər utanmalıdır! "Bney Yehuda"nın mərhələ adlaması bütün ayıbların üstünü açdı, bunadək uğur yerinə yazılanların hamısının üstündən çalın-çarpaz xətt çəkdi.

İsraildəki oyunun qiyməti 30 min manat olaraq hesablanmışdı. Turu adlamaq "Neftçi"nin hər bir əsas heyət üzvünü bu qədər irəli salacaqdı. Bundan böyük stimul? Üstəlik, israilli futbolçuların Bakıda etdiyi hərəkətlər!

Ceyhun Sultanov səfərqabağı nə demişdi? Yada salaq: "Bütün olanlardan sonra komandanı cavab qarşılaşmasına xüsusi motivasiya eləməyə lüzum görmürük".

Yetərincə yüksək mükafat və o məlum olaylar: Bordinin futbolçularına təsir etmə rıçaqları xeyli güclənmişkən, belə bir tablo ilə üzləşməməliydik.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti