"Neftçi" üçün APOEL nümunəsi

15 Avqust 2019 14:00 Avropa Liqası 765
"Neftçi" üçün APOEL nümunəsi

Yəqin daha "Neftçi"dən danışmaq zamanıdır, APOEL ona ən yaxşı nümunəni göstərdi. Əvvəlcə, etiraf edək ki, doğma divarlar arasındakı qarşılaşmanın ilk hissəsində "Bney Yehuda"dan iki qol buraxan "Neftçi" hər şeyi ikinci hissədə dəyişmək üçün nəyəsə cəhd etdi: bütün qüvvəsini, əsəbini, imkanlarını səfərbər edərək, heç-heçəni son anda qopara bildi və bununla ümidləri işıqsız qoymadı.

Əlbəttə, qonaqların tamamilə müdafiədən oynamasının futbolun estetikasına zidd, əsl antifutbol nümunəsi olmasını anlamaq olar – qüvvələr bərabər deyil. Lakin əsas vəzifə nəticədirsə, ona haqq qazandırmaq lazımdır. Bununla belə, məncə, rəqibin tamamilə müdafiəsinə qapıldığını söyləmək olmaz.

Ard-arda üç dəfə oyundankənar vəziyyətə düşən israillilərin hücum təşkilatçılığı baxımından effektli oyun qura bilməsini də etiraf etmək lazımdır. Elə bununla da qonaqlar ev sahiblərinin müdafiə səfini dağıtdı, kobud səhvlərə yol verməyə məcbur etdi. Daha bir fakt: ilk qoldan sonrakı dəqiqələrə təkrar baxsaq, sanki matç İsraildə keçirilirdi.

Rəqibin çox mütəşəkkil olması, konkret oyun planına sadiqliyi ikinci hissənin ortalarında "əridi". Çünki İsrail komandası yalnız hesabı qorumaq üçün "qınına çəkildi", cidd-cəhdlə müdafiə olunmağa, oyunu yersiz uzatmağa başladı və bu da, ədalətin təntənəsinə apardı. Bu səbəbdən heç-heçə təmsilçimiz üçün qənaətbəxş sayılmalıdır.

Yaxşı ki, Roberto Bordin səhvini etiraf etmək cəsarətinə malik oldu və bu, ümid verir. Səfərdə daha ağıllı-kamallı planla oyun qurmaq lazım gələcək. Belə rəqibləri yalnız təzyiq deyil, düşünülmüş və ardıcıl taktiki planla məğlub etmək olar. Bu gün məncə, "öz oyununu oyna" təbirinin əsl məqamıdır. Birinci matçda olduğu kimi, Amerika kəşf etməyə dəyməz. Avropa kubokları laboratoriya təcrübəsi meydanı deyil, rəqiblərə ciddi yanaşmaq lazımdır.

İndi ona da ümid edək ki, "Neftçi" "Qurban və onun komandası"nın yaşadığı "məzhəkə"nin yeni formasından ibrət dərsi götürəcək.

"Neftçi" yalnız və yalnız öz səviyyəsinə, daha üstün olduğuna güvənib oyununu qurmalı, matça elə bu həvəslə yanaşmalıdır. Məşqçinin qarşısında qoyulan vəzifə bir kənara, amma diş altında olan iştahı da unutmaq olmaz. Açığı, ən qorxuncu da elə budur: qarşıya belə bir vəzifənin qoyulmaması kimi nağıllar uydurulsun. Çünki yalnız və yalnız qrup mərhələsi "Neftçi"nin bir boy da artmasına təkan ola bilər. Bunu Bakıda İsrail klubu ilə oyunun ən çətin məqamlarında belə komandaya möhtəşəm dəstək verən azarkeşlər də də haqq edir. Fanatların bu münasibətinin cavab yalnız qələbə olmalıdır.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti