"Qarabağ"ın yeni rəqibi: 53 dəfə çempion olublar - DOSYE

14 Avqust 2019 12:06 Avropa Liqası 1 023
"Qarabağ"ın yeni rəqibi: 53 dəfə çempion olublar - DOSYE

Çempionlar Liqasındakı yeganə təmsilçimiz çıxışını 3-cü mərhələdə başa vurdu. Kiprin paytaxtı Nikosiyada APOEL-ə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası doğma meydanda 2 cavabsız qolla uduzaraq yoluna Avroliqada davam etmək məcburiyyətində qaldı. Ağdam klubu qitənin ikinci səviyyəli klub yarışının pley-off mərhələsində Şimali İrlandiyanın “Linfild” klubuna rəqib oldu. İlk qarşılaşma avqustun 22-də səfərdə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

Əsası 1886-cı ildə qoyulan “mavilər” son mövsümü ölkə çempionluğu ilə başa vurub. Devid Hilinin baş məşqçisi olduğu britaniyalılar ev oyunlarını 18400 nəfərlik “Vindzor Park”da keçirirlər. 53 dəfə ölkə çempionu adını qazanan rekordçu “Linfild” 23 dəfə mövsümü gümüş medallarla başa vurub. Ölkə kubokunu qazanma sayına görə də rekord vurublar – 43 dəfə. Bu kollektivin əsas uğurları yalnız ölkədaxili yarışlarda qeydə alınıb.

Komanda avrokuboklarda 1959/1960-cı illər mövsümündən çıxış edir. İrlandların avrokuboklarda ən yaxşı nəticəsi 1966/1967-ci illər mövsümündə çempionlar Liqasının ¼ finalına vəsiqə qazanmalarıdır. Cari Çempionlar Liqasına 2-ci mərhələdə “Rusenborq”la duellə başlayan “Linfild” Norveç klubunun qarşısında aciz qalıb – 0:2 və 0:4. Mübarizəni Avroliqada davam etdirmək imkanı qazanan şimali irlandlar 2-ci seçmə mərhələdə Farer adaları təmsilçisi “Torshavn”ı çətinliklə üstələyib – 1:0 və 2:2. Pley-offa vəsiqə uğrunda isə Monteneqro “Sutyeska”sı ilə mübarizələrdən qalib ayrılıb - 3:2 və 2:1.

Xülasə, “Linfild”i Azərbaycan çempionu “Qarabağ”ın tam dişinə görə - pley-offda düşə biləcək ən ideal rəqib hesab etmək olar. Azərbaycan və Şimali İrlandiya milli səviyyədə bir neçə dəfə qarşılaşsa da, klub səviyyəsində bu, 2-ci duel olacaq. Məhz Qurbanovun komandası 2010/2011-ci illər mövsümündə Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Portadaun”u mübarizədən kənarlaşdırıb. Səfərdə irlandlara Əfran İsmayılovun dublu sayəsində 2:0 hesabı ilə qalib gələn ağdamlılar Tofiq Bəhramovdakı cavab matçında “sülh”ə razılaşmışdı – 1:1. İnanırıq ki, "Qarabağ" avrokuboklarda ardıcıl 6-cı mövsüm qrup mərhələsində oynamaq şansını əldən verməyəcək.

ELVİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti