«Neftçi» yorğun və istəksiz göründü.
«Bney Yehuda» ilə oyunun əvvəlini və ortasını bu cür xarakterizə edərdim.
İki mərhələ adlamaqdan doymuş kimi bir hal sərgilədilər.
O əzm, o iddia, o yanğı yox idi. «Sperantsa» və «Arsenal» qarşısında izlədiyimiz «Neftçi» hara, dünənki «Neftçi» hara! Yerlə göy arasındakı qədər fərq olmasa da, hər halda Roberto Bordinin üzərinə düşən işi axıra çatdırmağa gec qaldığını birmənalı qeyd edərdim. Baş məşqçinin özünü bu matça istədiyi qədər hazırlaya bilmədiyini də vurğulayardım.
«Qalib heyəti dəyişməzlər» prinsipi, deyəsən, bu dəfə italyan mütəxəssisin yadından çıxmışdı. Mamadu Kaneni ehtiyatda əyləşdirib, Platellası ilk dəqiqələrdən meydana buraxmaqla nə düşündüyü bu dəqiqənin özündə də mənimçün sirdi. Yunanıstanlı legioneri cinahda görməyə alışmışıq. Platellasın özü də özünü həmin mövqedə görür. Bordin onu bir qədər ortaya çəkməklə, komandanın oyun nizamını pozdu. Bir futbolçunun yoxluğunun və yerdəyişmənin bədəlini «Neftçi» ağır ödədi.
«Bney Yehuda» lazımı qədər qiymətləndirilmədi. 9 il qabaq «Simurq»un başına gələn kimi. Onda da Zaqatala klubu həmin bu rəqibini özündə aşağıda sandı, meydana yumşaq ayaq basdı, nəticədə məğlubiyyəti məğlubiyyətin üstündən aldı. Dünən ona da əmin olduq ki, «Bney Yehuda» «Neftçi»ni «Neftçi» «Arsenal»ı öyrəndiyindən daha sanballı, daha detallı öyrənib və incələyib. Cinah və orta sahə oyunçularının sürəti, açığı, məndə qibtə hissi yaratdı. Topu alıb nə gedirdilər, ilahi! İki qolu da mərkəzdən vurdular. Səlahət Ağayevin edə biləcəyi nəsə yox idi, rəqib «Neftçi»nin axsayan nöqtəsini vaxtında müəyyənləşdirərək Bakıya gəlmişdi.
2:2? Məntiqə uyan hesab olmadı. Qonaqlar «Neftçi»ni öz səhvlərindən «vurdu». «Bney Yehuda» futbol oynamayan və rəqibini də oynatmayan komandadı. Yəqin ki, Bordinin buna şübhəsi qalmadı. O, israillilərin futbolçularını cin atına mindirməkdə çətinlik çəkmədiyini də, güman edirəm ki, özüyçün dəqiqləşdirdi. «Bney Yehuda»nın tamamı əsəblə oynamiaq üzrə sanki ixtisaslaşıb. Bunu nə vaxt və nə şəkildə edəcəklərini əzbərdən bilirlər. «Neftçi» 3:0 udacaq» proqnozu verənlər, əminəm ki, «Bney Yehuda»nın əsas «kozır»nı diqqətdən qaçırmışdı və indi peşmandılar. Yerə uzanmaq, vaxt almaq - bunlar futbolun içində olan şeylərdi. İsrail komandasının üzvlərinin elədikləri isə küt bıçaqla baş kəsməyə oxşadı. Hesabı qurtarmaqdan ötrü bütün vasitələri iyrənc formada etdilər.
«Neftçi»ni hələ İsraildə nə gözləyir… Bakıda sancı verən hərəkətlərdən çəkindilərsə, görün, öz meydanlarında nə hoqqalardan çıxacaqlar! Düşündükcə adamın tükləri lap biz-biz olur. Bordinə təklifim budu ki, komandasına psixoloq cəlb eləsin. Dəvət göndərəcəyi psixoloq gələn oyunadək hər gün futbolçuların yanında olmalı, onlarla çalışmalıdı. Pazı pazla çıxarmaq heç də həmişə müsbət effekt vermir.
MUSA

