"İsrailə yalnız qələbə dalınca gedəcəyik" - Dario Federiko

9 Avqust 2019 00:40 Avropa Liqası 576
"İsrailə yalnız qələbə dalınca gedəcəyik" - Dario Federiko

"Neftçi"nin hücumameylli yarımmüdafiəçisi Dario Federiko Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Bney Yehuda" ilə ilk oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu əvvəlcə 2:2 hesabı ilə bitən qarşılaşma barədə fikirlərini bölüşüb.

- Ani diqqətsizliyə görə gözlənilmədən qapımızdan 2 top buraxdıq. İlk dəqiqələrdən hücumda oynamağa çalışırdıq. Rəqib də bundan istifadə edib, bizi əks hücumda yaxaladı və 2 qol vurdu. Buna baxmayaraq, komandamız əzmkarlıq nümayiş etdirdi, sona qədər vuruşdu. Nəticədə bərabərliyə nail olduq.

İlk hissədə "Neftçi" o qədər də yaxşı oynamadı. Fasilədən sonra oyunu çevirə biləcəyinizə inanırdınız?

- İlk hissənin sonlarına doğru vurduğumuz qol bizə inam verdi. Paltardəyişmə otağında baş məşqçi bir-iki taktiki dəyişiklik etdi və öz tapşırıqlarını verdi. İnanırdıq ki, fasilədən sonra oyunda dəyişiklik edə biləcəyik.

Bu gün özünə oxşamırdın. Oyunun niyə alınmırdı?

- Mən belə düşünmürəm. Bacardığım qədər komandaya kömək etməyə çalışıram. Hamı görür ki, "Neftçi" son oyunlarda ardıcıl qələbə qazanır. Mən isə 2 qol vurmuşam. Deməzdim ki, oyunum alınmır.

Səncə, bu gün komandaya xeyirin dəydi?

- Əlbəttə, inanıram ki, köməyim dəydi. Hətta vurduğumuz ilk qolda mənim zərbəmdən sonra top Monrozun qarşısına düşdü. Məncə, o qolda mənim də payım var idi.

Yəqin ki, İsraildə birinci hissədəki kimi oynasanız, hər şey "Neftçi" üçün çox pis olacaq...

- Komandaya inamım böyükdür. Son vaxtlar gözəl oyun nümayiş etdiririk. Güclü komanda olduğumuzu bir neçə dəfə sübut etmişik. Ora yalnız qələbə dalınca gedəcəyik və öz oyunumuzu oynayacağıq. Buraxdığımız iki qol rəqibin gözəl oyununa görə olmadı. Öz səhvlərimizdən qapımızda qol gördük. İnanıram ki, səfərdə qələbə bizim olacaq.

Mətbuatda, sosial şəbəkələrdə "Arsenal"ın "Bney Yehuda"dan daha güclü olduğu deyilirdi. Bu, komandada arxayınlıq yaratmadı?

- Deməzdim ki, bu kimi şeylər bizi arxayınlaşdırdı. Çünki indi futbolda zəif-güclü anlayışı yoxdur. Bir neçə dəfə zəif rəqiblərin güclülərə qalib gəldiyini görmüşük. Hər şey futbolçuların əzmkarlığından, istəyindən asılıdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti