"Bney Yehuda"nın baş məşqçisi Yossi Abukasis Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Neftçi" ilə oyunundan (2:2) sonra mətbuat konfransı keçirib.
Sportinfo.az xəbər verir ki, əvvəlcə heç-heçəni şərh edən mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Birinci hissə bizim üçün yaxşı alındı, bir neçə təhlükəli epizod yaratdıq, iki qol vurduq. Amma sonra yorulduq. Çünki bu, bizim ilk rəsmi oyunumuz idi. İkinci hissədə sadəcə müdafiəni düşünürdük. Oyundan əvvəl matçın 2:2 hesabı ilə nəticələnəcəyini desəydilər, razı olardım. Amma 2:0 hesabı ilə öndə olandan sonra belə nəticə ürəyimizcə olmadı.
Qeyd etdiniz ki, ikinci hissədə müdafiəyə çəkilmişdiniz. Sanki komandanız daha çox hesabı qorumağa çalışırdı. Futbolçuların tez-tez vaxt aparmaları sizin tapşırığınız idi?
- Üzr istəyirəm, belə axmaq suallara cavab verməyəcəm. Sizin komandanız ikinci qolu əlavə olunmuş vaxtda vurdu. Sizin üçün heç də pis nəticə sayılmamalıdı.
Evdə də müdafiə futbolu oynayacaqsınız?
- Yenə bu oyuna baxacağıq. Ondan sonra cavab matçında necə çıxış edəcəyimizlə bağlı qərar verəcəyik.
Bu hesabdan sonra şansları yenə yarı-yarıya sayırsınız?
- Bu barədə hələ heç nə deyə bilmərəm. Dünən dediyim kimi, "Neftçi" çox güclü komandadı. Təəssüf ki, biz cavab görüşünə qədər əlavə oyunçu sifariş ərizəsinə sala bilməyəcəyik. Ordakı matçın necə nəticələnəcəyini həyat göstərəcək.

