Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Neftçi” – “Bney Yehuda” ilə görüşündən əvvəl rəqib komandanın baş məşqçisi Yossi Abukassis mətbuat konfransında iştirak edib.
Sportinfo.az saytının məlumatına görə, israilli mütəxəssis yerli jurnalistlərin suallarını cavablandırıb:
- Sabahkı oyundan gözləntiləriniz nədi? Hansı nəticə üçün gəlmisiniz Bakıya?
- “Neftçi” güclü komandadı. “Arsenal”a 3:0 hesabı ilə qalib gəlib. Amma biz də bura növbəti mərhələni keçmək üçün gəlmişik. Qalib gəlmək üçün oynayacağıq.
- “Neftçi”yə Bakıda qalib gəlməyiniz nə dərəcədə realdı?
- Hər bir komandanın məqsədi odur ki, qalib gəlsin. Biz də sabah qalib gəlmək üçün oynayacağıq.
- “Neftçi”nin əvvəlki mərhələlərdə böyükhesablarla qalib gəlməsi sizi qorxudur?
- Rəqibin güclü oyunçuları var və bu da bizi narahat edir.
- Keçmiş futbolçunuz, hazırda “Sumqayıt”da oynayan Əmir Ağayev İsrail mətbuatına açıqlamasında deyib ki, “Bney Yehuda”nın “Neftçi”ni keçmək şansı sıfıra bərabərdi. Bu haqda nə deyəcəksiniz?
- Biz nəticə göstərmək istəyirik. Əmirin dediyi fikirlərlə razı deyilik. Ümumiyyətlə, onun fikirləri bizə maraqı deyil. Bizim məqsədimiz sabah və İsraildə nəticə göstərməkdi.
- Yəqin ki, “Neftçi”nin “Arsenal” və “Speranta” ilə oyunlarına baxmısınız. Onların zəif və güclü cəhətləri hansıdı?
- “Neftçi”nin zəif və gücü cəhətlərini bilirik. Sabahkı oyunda bundan istifadə etməyə çalışacağıq.
- Roberto Bordin mətbuat konfransında qeyd elədi ki, “Bney Yehuda” 9 futbolçu ilə müdafiə olunur. Sabahkı oyunda siz hansı taktikaya üstünlük verəcəksiz?
- Bu barədə danışmaq istəmirəm. Sabah bilinəcək müdafiədə oynayacağıq, yoxsa hücumda.
- Zədə səbəbindən üç futbolçunu gətirməmisiniz. Onların yoxluğunu itki kimi dəyərləndirmək olar?
- Bəli, üç oyunçunun gəlməməsi itki hesab olunur. Sabah buna baxmayaraq öz oyunumuzu oynamağa çalışacağıq.
- Çox inamlı danışırsınız. “Neftçi” səddini keçə bilməsəniz sizin üçün böyük uğursuzluq hesab olunacaq?
- “Neftçi” güclü olsa da, özümüzü oyuna pis kökləyə bilmərik. Biz yalnız yaxşı nəticə haqda düşünürük. Ümumiyyətlə, məğlubiyyət haqda fikirləşmirik. Bu mərhələ iki oyundan ibarətdi. Mərhələ keçən tərəf ikinci oyundan sonra bilinəcək.
- Hansı hesab sizin üçün sərfəli sayılacaq?
- Biz sabahkı oyunda qol vurmaq istəyirik. “Arsenal”la görüşdəki atmosferi gördüm. “Neftçi” evdə yaxşı oynayır. “Arsenal”la oyunda stadionda olmuşam. Bütün komandalar udmaq üçün oynayır. Biz bura qol vurmaq üçün gəlmişik. Sabahkı oyunun gedişatı göstərəcək hər şeyi.
- “Neftçi”yə qol vurmaq üçün resept hazırlamısınız?
- Futbolda hər şey ola bilər. Komanda dörd oyunda qol buraxmaya bilər, amma bir oyunda bir neçəsini də buraxa bilər. Sabah çalışacağıq ki, “Neftçi”nin bu seriyasını dayandıraq.
- “Neftçi”nin lideri kimdi və onu zərərsizləşdirmək üçün nəsə fikirləşmisiz?
- Hücum xəttindəki futbolçuların hamısı güclü futbolçulardı. Heç kimi fərqləndirməzdim. Bir oyunçu haqda danışmaq istəməzdim. Hər bir oyunçu güclüdü. Bir futbolçunun adını çəkmək istəmirəm. Müdafiədəki oyunçular da yaxşıdı. Dario Frederiko, Namiq Ələsgərov, Mamadu Kane, Stevan Monroz, Vangelis Platellas “Neftçi”nin oyunlarında xüsusi yer tutur. Komandadakıların hər biri keyfiyyətli futbolçulardı. Emin Mahmudov zədələnmişdi. Bilmirik, sabah oynayacaq, ya yox. İnanıram ki, “Neftçi” ona da əvəzləyici tapacaq.

