Tarixi, möhtəşəm qələbə!
Səmimi danışaq, çox az adam "Neftçi"nin 3-cü mərhələyə adlayacağına inanardı.
180 dəqiqə ərzində biz fiziki, taktiki və ən əsası psixolojı baxımından hazır bir «Neftçi» gördük. Roberto Bordin ötən yay buraxılan səhvlərdən nəticə çıxarıb və bu, sevindirməyə bilməz.
Əslində, «Neftçi» indi adına, büdcəsinə, iddiasına layıq olduğu yerdədi. Adam sadəcə olaraq ona təəssüflənir ki, Elnur Məmmədov/Vəli Qasımov “idarəçi” tandemi Neftçiyə nə qədər ziyan vurdu, klubu nə qədər geri saldı. «Mladost», «Şkendiya», 0:8…
Bundan sonrakı rəqib İsraili təmsil edən «Bney Yehuda»dı. Heyətinə görə «Arsenal»dan qat-qat zəif olan bir komanda.
Klub rəhbərliyi, məşqçilər korpusu komandadaxili ab-havanı, motivasiyanı bu səvviyədə qoruyub saxlasa, pley-off mərhələsəni da görəcəyik.
Bir şeyə görə təəssüflənirəm. «Neftçi»nin sadiq fanatları bu dəfə, çətin ki, sevimli komandanı səfərdə dəstəkləsinlər.
İsrailə gediş çox bahadı. Həm də viza məsələsini qısa zaman ərzində yoluna qoymaq asan deyil.
Razılaşın ki, azarkeşlərin kluba görə ağır avtobus yolçuluğu futbolun bir başqa, romantik bir parçasıdı...
Bu arada «Qəbələ» Tiflisdə 0:3 uduzubmı deyim, darmadağın oldumu deyim, biabır olundumu deyim...
Ən dəhşətlisi odu ki, qollardan birini Kvame Karikari vurub. Rasim Ramaldanov isə hələ birinci hissədə topun əvəzinə komanda yoldaşı Juniçin başını «tapdı» və onu xəstəxanalıq etdi!
Nədənsə özünü mütəxəssis hesab edən Sənan Qurbanov sizləri aldatmağa çalışacaq, ağlayacaq ki pulları yoxdu, legionerləri bir «suxoy payoka» oynadırlar.
Eşidin və inanmayın. Yeni gələn futbolçular aya 8-9 min dollar məvacib alır. Bəli, büdcə çox aşağı salınıb, lakin olan pul belə, kifayət idi ki, «Dinamo» ilə ən azı başabaş oynasınlar.
Baş verənlər sadəcə biabırçıdı, dostlar!
ERKİN

