"Neftçi"nin kapitanı Emin Mahmudov Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra sualları cavablandırıb.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi öncə oyunu şərh edib:
- Müdafiədə çox yaxşı oynayırdıq. Məqsədimiz onların oyunlarını nümayiş etdirməsinə mane olmaq idi. Yaxşı əks-hücumlar təşkil etdik. Məşqdə sıx pressinq üzərində işləmişdik. Rəqib pis komanda deyil, məcbur müdafiədən oynayırdıq. Əks-hücumlarda yaxşı çıxış etdik.
“Neftçi”nin ilk dəqiqələrdən oyunu alınmırdı. Qol buraxsaydınız, bəlkə də başqa cür ola bilərdi...
- Bir az tez vursaydılar, bəlkə də, başqa cür olardı. Futboldu, olur belə şeylər. “Arsenal”a qol vurmaq üçün şans vermədik.
Qriqalava “Neftçi”nin futbolçuları ilə gərgin anlar yaşayırdı. Epizodların birində sizə yaxınlaşıb, xoş söhbət etdi. Nə danışırdınız?
- Onunla bir komandada oynamışam. Onu yaxşı tanıyıram. Bir az aqressiv və emosional futbolçudu. Oyunda belə şeylər baş verir.
“Arsenal” səddini keçməyiniz komanda üçün stimul oldu. “Bney Yehuda” illə III mərhələdəki oyunlarda qələbə üçün çıxacaqsınız?
- Əlbəttə, biz “Bney Yehuda” ilə oyunlara da qələbə üçün çıxacağıq. Biz hər oyuna bu istəklə çıxırıq.
“Bney Yehuda”nı keçəcəyinizə inanırsınız?
- Əlbəttə, inanmasaq, niyə çıxaq ki?
Azərbaycan klubları İsrail komandaları ilə oyunlarda uğursuzluğa düçar olur...
- Rusiya klublarını da heç vaxt məğlub etməmişdik. İnşallah, yaxşı olar. İlki bacararıq.

