Bu gün "Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, bakılılar "Bakcell Arena"da Rusiya "Arsenal"ını qəbul edəcək.
Tulada rəqibini 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi cavab matçında sərfəli nəticə qazanmağa cəhd göstərəcək.
Səfərdə Dario Frederikonun 45-ci dəqiqədə vurduğu qol "Neftçi"yə qələbə qazandırıb. Görüşü Maltadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun biletləri tükənmək üzrədi. Klubun media, Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin verdiyi məlumata görə, satışa çıxarılan 10 min 500 biletin 9 mindən çoxu artıq satılıb.
Azarkeşlər bu gün matç başlayana kimi qalan biletləri yalnız “Bakcell Arena”nın kassalarından əldə edə bilərlər.

