Azərbaycan klublarının Avropa kubokları uğrunda mübarizəsinin ikinci təsnifat mərhələsi daha bir klubun arenadan uzaqlaşması ilə yadda qala bilər.
Yarışa bu mərhələdə qoşulan «Qəbələ» doğma divarlar arasında keçirdiyi ilk matçda qonşu ölkənin titullu rəqibinə tutarlı hesabla məğlub oldu.
Digər iki təmsilçimiz isə səfərdən ümidverici nəticələrlə geri döndü. Əlbəttə, «Qəbələ»dən böyük sürpriz gözlənilmirdi.
Büdcəsini əsaslı şəkildə azaldıb, əsasən, öz yetirmələrinə güvənməyə başlamış kollektiv üçün bu yarış, sadəcə, bir sınaq xarakteri daşıyır.
Əlbəttə, vaxtilə məhz bu istiqamətdə davamlı kurs aparmağın vacibliyini qeyd edərkən məhz belə günləri nəzərdə tuturduq.
Bütün klublarımız arasında aşağı yaşlılar üzrə daha fəal iş görən bir komanda bütün planlarını futbolçuların təcrübi uğurları üzərində quraraq, daha uyğun seleksiya və skautçuluqla məşğul olmalı, yetişdirdiyi futbolçular üçün optimal hazırlıq tədlim-tədris və metodiki planlar qurmalı idi.
Bununla belə qarşılaşma əyani nümayiş etdirdi ki, taktiki hiylə ilə bu rəqibə qalib gəlmək də mümkündü.
Komandanın hazırlığı dövründə əsas diqqət məhz heyətin potensialına hesablanaraq qurulmalı və optimal forma axtarılmalı idi.
Bunu isə, deyəsən, yalnız mövsümün gedişində görə biləcəyik. Elə futbolçuların optimal hazırlıq səviyyəsində olmadıqları da görüşdə açıq-aydın özünü büruzə verdi.
Psixoloji təziyiqi də əlavə etsək, məğlubiyyət qaçılmaz idi və nəticə obyektivliyin göstəricisidir. Bununla belə ümidləri tam tükənmiş saymaq olmaz.
Bəlkə də ilk görüşdə rəqibin göstərdiyi oyun və imkanları qiymətləndirərək səfərdən münasib nəticə ilə qayıtmaq mümkündür.
Bunun üçün məşqçi korpusu ənənəvi taktiki gedişlərdən kənara çıxmalıdır. Doğma divarlar arasında keçirilən görüşün daha bir məqamı «Qəbələ»nin özünə uyğun oyun planı ilə oynamaması oldu.
Daxili çempionatda ötən mövsümün ikinci yarısında komandanın nümayiş etdirdiyi futbol təfəkkürünü də davam etdirmək olardı.
BATI YAR
«Qəbələ» (Azərbaycan) – «Dinamo» (Tbilisi, Gürcüstan) 0:2 (0:1)
Hakimlər: Nikolas Uolş - Alan Malvanni, Cordan Stouko - Qeyvin Dankan (Şotlandiya).
Qol: Kutalia, 41, Daffe, 87.
Sarı vərəqə: Ferreyroa Lopes, 5, Bauke, 6, Giqauri, 38, Ramaldanov, 45+2, Volkov, 58, Kuaku, 90+1//Kavtaradze, 45+2, Şengeliya, 60, Kutalia, 62, Papava, 66, Kardava, 74.
«Qəbələ»: Anar Nəzirov (kap.), Amin Seydiyev, İvisa Züniç, Rasim Ramaldanov, Qismət Alıyev (Asif Məmmədov, 85), Davit Volkov (Rövlan Muradov, 61), Kleziu Bauke, Ülvi İsgəndərov (Kristian Kuaku, 77), Merab Giqauri, Fernan Ferreyroa, Yusif Nəbiyev. Məşqçi: Zaur Həşimov.
«Dinamo»: Xose Perales, Viktor Mongil, David Kobouri, Georgi Kuxianidze (Bakar Kardava, 65), Levan Şengeliya (Kvame Karikari, 86), Giorgi Papava, Giorgi Kimadze, Levan Kutalia, Nodari İaşvili, Nika Ninua, Nodar Kavtaradze (Arfanq Daffe, 74). Baş məşqçi: Feliks Visente Miranda.

