Sportinfo.az xəbər verir ki, “Qəbələ” Avropa Liqasının hazırlığını davam etdirir.
Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurduqdan sonra Bakıya qayıdan “qırmızı-qaralar” iki gündü paytaxtda hazırlıq keçir.
Avrokubok mübarizəsinə II təsnifat mərhələsində başlayacaq komanda məşqlərini Bakı Olimpiya Stadionunda gerçəkləşdirib.
İyulun 25-də “Dinamo” (Tbilisi) ilə ilk oyuna çıxacaq Sənan Qurbanovun yetirmələri dünən günün ikinci yarısında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.
Bu arada Asif Məmmədov yenidən doğma komandasına qayıdıb. Son 3 mövsümdə əyalət təmsilçisinin formasını geyinən yarımmüdafiəçinin dönüşü o deməkdi ki, maliyyə şərtlərində rəhbərliklə razılığa gəlib.
Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” – “Dinamo” oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. İyulun 25-də baş tutacaq görüş saat 19:00-da başlayacaq.

