"Neftçi" rahat keçməli olduğu rəqibi ondan gözləniləndən də artıq rahatlıqla keçdi.
Qarşındakının səviyyəsi o qədər önəmli deyil, sən üzərinə düşən işi görürsənsə, deməli, alqışa layiqsən.
Təsəvvür edin, bir balaca büdrəsəydi, nələr yazardıq haqqlarında. Şəxsən mən yazardım.
Büdrəmədi, eşq olsun!
"Arsenal"la oyunda da uğurlar arzulayıram. Ümid edirəm ki, belə böyükhesablı qələbə komandada eyforiya yox, motivasiya yaradacaq.
"Səbail"ə gəlincə isə... Püşk atılandan içi media qarışıq hərə bir tərəfdən nətər "pisikdirdiksə" komanda öz gücünə heç cür inana bilmədi. Bunda bizim də rolumuz var, klub rəhbərliyinin də, məşqçinin də və hətta Ramin Musayevin də.
Bəlkə də komandanın cari xərclərində ikinci mərhələ üçün səfər, bilet, otel pulu zad nəzərdə tutulmamışdı, o dərəcə təslimçilik ruhu var idi.
Amma pis oynamadı. İtirməyə heç nəyi olmayan adamlardan qorxmaq lazımdı deyimi bir daha özünü göstərdi.
Kaş ki, Aftandil Hacıyev bir az daha böyük düşünə, bir az daha cəsarətli ola biləydi. Ən azından mərhələ keçmək üçün sənə bir qolun gərəkli olduğu vaxtda müdafiəçini müdafiəçi ilə əvəz etməyəcək qədər...
Keçənə güzəşt deyərlər. Biz digər komandalarımızın da Avrokuboklarda debüt mövsümlərini, ilk oyunlarını yaxşı bildiyimiz üçün "Səbail"in üstünə çox da getmək olmur. Qaldı gələn dəfəyə...
Zaur Xudiyev

