"Neftçi"" Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında "Sperentsa"nı darmadağın edib.
Sportinfo.az xəbər verir ki, 6:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra paytaxt klubunun prezidenti Kamran Quliyev sualları cavablandırıb.
- Azarkeşlərə görə çox sevinirəm. Sevinc hissiylə meydanı tərk elədilər. Bütün komandanı təbrik edirəm. Deməzdim ki, şou göstərdilər, məncə, indiki vəziyyətə görə yaxşı oyun göstərdik. Ən çox da İsmayıl Zülfüqarlıya görə sevindim. Avropa Liqasında bu yaşda qol vuran ən gənc azərbaycanlı oldu. Sevindirci haldır ki, yetirmələrimizə də şans veririk. Bu gün bizim yaxşı günümüzdü. .
Rəqibin baş məşqçisi və prezidenti ilk oyunda sonra qıcıqlandırıcı atmacalar atırdı. Bu qələbə onlara cavab oldu?
- İlk oyun idi. İstənilən rəqibə qarşı komanda var qüvvəsiylə oynayır. Hazırda tam güc yığılmayıb. İki həftə təlim-məşq toplanışından qayıtdıq. Efrosa gəlincə, onun sözləri daha çox öz futbolçularına təsir etməlidir. “Sperantsa”nın prezidenti yaxşı insandır, onu yaxından tanıdıq, futbolu sevir. Mən inanmıram ki, onların sözü təsir etsin.
“Neftçi” II mərhələdə “Arsenal”ı keçə biləcək gücdədi?
- Nə deyə bilərəm? “Arsenal” yaxşı komandadı. Ötən mövsüm Rusiya Premyer Liqasında 6-cı olub. Biz gücümüzə inanırıq. İnanmaq istəyirik ki, komanda daha intizamlı şəkildə oyuna köklənəcək. Səfərdə yaxşı nəticə qazansaq, ev oyunumuzda stadion dolu olacaq, azarkeşlər komandanı qələbəyə səsləyəcək.
İlk oyunun Rusiyada olması üstünlükdü?
- Baxır ilk oyunun nəticəsinə. Biz orada qol vurmasaq, gərək, evdə qapımızı toxunulmaz saxlayaq. Ötən il “Uypeşt”lə ilk oyunu evdə keçirmişdik. Nəticənin də necə olduğunu bilirsiniz.
Yeni transferlərə ehtiyac var?
- Ehtiyac var. İki futbolçuyla danışıqlar aparırıq. Hər ikisi yarımmüdafiəçidir. Hələ ki, heç nə bəlli deyil. Bu gün bilinəcək.

