Açığı, «Səbail»dən gözlədiklərimiz miqyası ilə elə də böyük deyildi.
Yalnız mövsümün sonunda ümid var idi ki, klub yarışa ciddi hazırlaşa bilər və bunun üçün transferləri ilə böyük yola çıxmağa, yəni böyüməyə cəhd edə bilər.
Belə olmadı, klub çəkindi. Komandanın oyunçu bazarında fəallığı məhz bura qədər idi. Ümumən, məncə rəqiblər düz hesablanmadı.
Bəlkə də klubun iqtisadi riskə getməməsi qərara alındı, hər halda qazancla transferlərin nisbəti eyni olmaya bilərdi və bu ili bəxt üzərində qurub, gələn ilə bir qədər də ciddi infrastruktur yenilikləri ilə hazırlaşmaq planlaşdırılıb.
Digər məqam məşqçi korpusunun da avrokubok təcrübəsizliyidi və bu da özünü büruzə verdi.
«Universitatya» ilə qarşılaşma əyani nümayiş etdirdi ki, krayovalılarla mübarizə aparmaq üçün tam fərqli oyun planı lazımdı. Bunun üçün rəqibi dərindən öyrənməyə də ehtiyac yox idi.
Görüşə ehtiyatlılıq prinsipi ilə, hətta ikinci plandan oynamağa hazır vəziyyətdə başlayan bir komanda üçün ağırlıq mərkəzi onun öz üzərinə düşür və bu, ikiqat çətinlik yaradır.
Belədə qol buraxmamaq qorxu xofu yaradaraq, səhvlərə yol açır. Hazırlığı natamam bir komanda üçün müşküllər buradan başlanır.
Elə görüş boyu rəqibin yalnız ev sahiblərinin səhvlərindən yararlanması da buna əyani nümunədi. Doğrudu, ilk qoldan sonra fasiləyə qədər «Səbail» özünə gəldi və hətta hesabı bərabərlişdirdi.
Lakin ikinci hissədə eyni səhvlər təkrarlandı və ikinci dəfə düşdüyü quyudan çıxa bilmədi. Yeganə istisna, ümid və qazanc paytaxt təmisliçisinin axıra qədər döyüşməsi oldu.
Bunun nəticəsi məğlubiyyətin minimal hesablı olmasıdır. Oyun var ki, məhz döyüşüb uduzduğuna görə komandaya tərif yağdırırsan.
Lakin bu, həmin rəqib və həmin gün deyildi, üstəlik, döyüşkənlik, sadacə, həvəsdən uzağa getmədi.
İndi səfərdə komandamızın daha ciddi rəqabətlə və yenə minimal hesabla uduzmasını gözləməyə dəyməz.
Məncə, rəqibə gözləmədiyi sürprizi vermək lazımdı. Əminliklə demək olar ki, bu yanaşma komandanı böyük hesablı məğlubiyyətə apara bildiyi kimi, tarixinin ən parlaq qələbəyə çatdıra bilər.
Döyüşkənlik məhz burdan başlanır.
KAMİL
«Səbail» (Azərbaycan) – «Universitatya» (Rumıniya) 2:3 (1:1)
11 iyul. Bakı, «ASK Arena».
Hakimlər: Fyodor Zammit - Dunkan Sultana, Teodore Zammit - Mario Apap (Malta).
Qol: Ramazanov, 33, 82//Mateyu, 13, Banku, 51, Roman, 67.
Sarı vərəqə: Eriko, 73, Ramazanov, 87//Martiç, 7.
Sabail: Daniel Bojinovski, Ürfan Abbasov, Rahid Əmirquliyev (kap.), Elvin Yunuszadə, Şəhriyar Rəhimov (Eltun Yaqublu, 83), Yevgeni Koçuk, Ağabala Ramazanov, Eriko, Maykl Essyen (Dilan Duventru, 58), Bilal Həmdi (Fəhmin Muradbəyli, 72), Mirabdulla Abbasov. Baş məşqçi: Avtandil Hacıyev.
«Universitatya»: Mirko Pilyaçelli, Boqdan Vyetyejelu (Ştefan Bayaram, 90), Renato Keliç, Mihay Roman (Karluş Manuel duş Santuş Forteş, 68), Aleksandru Mateyu, Nikuşor Banku (kap.), Kamer Çaka, Antoni Valeri İvanov, Kristian Byerbuts (Aleks İonitse, 73), Stefan Jislen Akka, İvan Martiç. Baş məşqçi: Korneliu Papura
Cavab görüşü
18 iyul. Krayova. «İon Oblemenko» stadionu

