“Neftçi” Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Sperantsa” ilə oyunöncəsi son məşqə çıxıb.
Sportinfo.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sperantsa” oyunu saat 21:00-da başlanacaq.
Komandanın baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Əvvəlcə yarımmüdafiəçi oyun haqda fikirlərini bildirib: "Səfərdən 3:0 hesablı qələbə ilə dönmüşük. Buna baxmayaraq, oyuna ciddi hazırlaşmışıq. Hücum futbolu oynamağa çalışacağıq”.
Mahmudov jurnalistlərin suallarını da cavablandırıb: "Moldovada "Saburtalo”ya 0:3 hesabı ilə uduzan "Şerif” dünən səfərdə ilk 10 dəqiqədə 3 qol vurdu. Diqqətli olmalıyıq”.
Sonra söz baş məşqçiyə verilib: "Bizi çətin oyun gözləyir. Futbolda gözlənilməz nəticələr tez-tez olur.
Ona görə də qələbə qazanmaq üçün oyuna maksimum köklənəcəyik. İlk oyundakı nəticə bizi aldatmamalıdı.
Maksimum diqqətli olmalıyıq. İlk oyunda da rəqib bizə çətinliklər yaratmışdı.
Fasiləyədək real qol imkanları vardı, amma Səlahət Ağayev bizi xilas etdi. Sonra da qol imkanları oldu, amma istifadə edə bilmədilər”.
Roberto Bordinin KİV nümayəndələrinin suallarına cavabı belə olub: "Həm Baqali Dabo, həm də Soni Mustivar bizim üçün vacib futbolçulardı.
Soni artıq əsas komanda ilə məşqlərə başlayıb. Son həftəni yaxşı çalışıb. Yüksək xarakterə malik futbolçudu, heç vaxt təslim olmur, öz üzərində çalışır.
Bu da yaxşı hazırlaşmasına səbəb olur. Ola bilər ki, heyətdə onu da görəsiz. Daboda da irəliləyiş var.
Həkimlərin tapşırığı ilə bərpa məşqlərini davam etdirir. Onu da yaxın vaxtlarda meydanda görə biləcəksiz.
Hazırda yalnız "Sperantsa” ilə oyunu düşünürəm. Bu mərhələni keçəndən sonra digər mövzular haqda da düşünəcəyik.
Çalışacağıq ki, hücum futbolu göstərək, oyuna diqtə edən tərəf biz olaq, əvvəldən sonadək aqressiv oynayaraq qələbə qazanaq.
İstənilən hesablı qələbə məni qane edəcək. Səfər matçında mənə vacib olan komandamızın oyuna yanaşması idi.
Moldovada çempionat davam etdiyindən rəqib daha hazırlıqlı ola bilər. Bununla belə, futbolçularımız oyuna ciddi yanaşdılar.
Düzdü, bəzi səhvlərimiz oldu, amma ilk oyundan razı qaldım. Rəqib baş məşqçinin ilk görüşdən sonra dediklərinə şərh vermək istəmirəm.
Əsas odu, gözəl oyun nümayiş etdirib qələbə qazanaq. Vojislav Stankoviçə ilk görüşdə şans verməməyimə gəlincə, komandamızda 6 arxa xətt oyunçusu var.
Bunların 4-ü mərkəz, 2-si cinah müdafiəçisidi. Müdafiədə güclü rəqabət var. Həmin an üçün düşündüm ki, Mbodjla Petrov cütlüyünə şans verim. Bununla belə, dəyişiklik ola bilər”.

