"Qəbələ"nin "Dinamo"yla qarşılaşacağını biləndə bu oyunların çox ağır keçəcəyini, qonşularımızın hər təxribata əl atacağını yazmışdım.
Son hadisə vəziyyəti daha da gərginləşdirə bilər.
Gürcülər hətta "Neftçi"nin "Çixura" ilə Bakıdakı oyununda belə özbaşınılıq etmişdi. Gürcüstandakı oyun da öz yerində.
Erməni dilində stadiondan asılan bannerlər və s. və i. "Qəbələ"nin dörd il öncəki Gürcüstan səfərində də öz «amplua»larında idilər.
Azarkeşlərimizi döyüb, onlardan Azərbaycan bayraqlarını alıb, yerə atıb taptaladılar. Stadionda isə yenə Azərbaycan ərazilərinə iddialarını ortaya qoyan bannerlər asmışdılar.
Zəifləmiş "Qəbələ"nin işi, onsuz da, çətin görünürdü. Bu hadisələr isə onları əlavə psixoloji təzyiq altına salacaq.
Artıq komandamızın soyuqqanlığı qoruyub, bu cür rəqiblərin cavabını ən gözəl şəkildə meydançada vermək təcrübəsi var. İnanlram ki, "Dinamo"ya 4 il əvvəlkindən betər şok yaşadacaqlar.
Hər problemdə erməni izi axtarmağın tərəfdarı deyiləm. Amma sırf Gürcüstanla bağlı hadisələrdə buna, demək olar ki, şübhə etmirəm.
Dəfələrlə bu ölkədə olmuşam. Bir dəfə də xoşagəlməz münasibətlə rastlaşmamışam.
Yəqin ki, hamının başına gəlib. Durduqları yerdə niyə qaşınmayan yerdən qan çıxartmaq istəsinlər ki?!
Azərbaycanın hesabına illərdi aclıqdan, soyuqdan qorunublar. Elə indi də ciddi dəyişiklik yoxdu. Bunun qarşılığında niyə düşmən münasibəti göstərsinlər ki?
İstənilən halda ayıq olmalıyıq, ən azı bu dəfə bayrağımızı qapdırmayaq!
Anar Şabanoğlu

