Avropa Liqasının I təsnifat mərhələsində "Universitatya" ilə cavab oyunu üçün səfərə çıxan "Səbail" Krayova şəhərinə çatıb.
Kollektiv əvvəlcə Türk Hava Yollarına məxsus Bakı - İstanbul - Buxarest təyyarə reysi ilə Rumıniya paytaxtına gedib.
Ordan isə nümayəndə heyəti avtobusla matçın keçiriləcəyi şəhərədək 4 saatlıq yol qət edib.
Heyətdə mərkəz müdafiəçisi Elvin Yunuszadə ağrıları üzündən son məşqləri buraxmalı olub. Lakin o da səfərə çıxanlar arasındadı. Yunuszadənin oyunadək hazır olacağına ümid bəslənilir.
Bu gün Bakı vaxtı ilə saat 20:00-da "Səbail"in görüşün keçiriləcəyi İon Oblemenko stadionunda məşqi və baş məşqçi Aftandil Hacıyevin mətbuat konfransı olacaq.
Oyun isə iyulun 18-də eyni saatda başlanacaq. Bu dəqiqə üçün demək olmaz ki, düşərgədə hər şey qaydasındadı.
Bakıda keçirilən ilk oyunda qeydə alınan 2:3 hesablı məğlubiyyət «dənizçilər»in mərhələ keçmək ümidlərini xeyli azaldıb.
Digər tərəfdən, rəhbərlik futbolçuları «barmağına dolamaqda» davam edir.
Premyer Liqanın başa çatmasından 2 aydan çox keçib, idarəçilər hələ də bürünc medalı qazanmağa görə vəd olunan mükafatı vermir.
Hər dəfə bir bəhanə gətiib, günü günə satırlar. Təbii ki, bu da kollektiv üzvlərində narahatlıq və başbilənlərə inamsızlıq yaradır.
SPORTİNFO.AZ

