Püşk atılandan “Neftçi”yə çətinliklər yaratmağı özünə məşğuliyyət seçən və bunun üçün heç bir fürsəti əldən verməyən “Sperantsa” oyun günü də ənənəsinə sadiq qaldı.
Matçdan öncə stadionun qazonunun sulanması vacibdi, ancaq “Zimbru”da həmin proses həyata keçirilmədi.
“Neftçi” tərəfi ev sahibindən bunu istəsə də, moldovalılar rədd cavabı verdi. Məqsəd rəqibin oynamasına çətinlik yaratmaq, daha sürətli və texnikalı futbolçular üçün narahatlıq əmələ gətirmək idi.
Meydanın quruluğu buna öyrəncəli olmayan “ağ-qaralar” üçün əlavə problem halına gəlmişdi. “Neftçi” futbolçuları qarşılaşmada istifadə edilən topdan da narazıdılar. Komandanın kapitanı Emin Mahmudov görüşdən sonra qəribə topla oynadıqlarını, heç vaxt beləsini görmədiyini vurğuladı.
Buna baxmayaraq, elə həmin Eminin 16-cı dəqiqədə özünəməxsus soyuqqanlılıqla yerinə yetirdiyi penalti zərbəsi 4000 km məsafə qət edərək, Kişinyova gəlmiş “Forza Neftçi”lilərin əziyyətinin boş olmayacağının ilk siqnalını verdi. Bu qol, həm də hadisələrin məntiqi davamı idi. Görüşə sürətli başlayan Bordinin yetirmələri az keçmiş oyunu meydanın rəqibə aid hissəsinə keçirə bildi. “Sperantsa” təzyiqə cəmi 15 dəqiqə dözməyi bacardı.
Roberto Bordinin daha əvvəl Moldovada çalışması, bu rəqibi yaxşı tanıması ikinci qolda özünü qabarıq büruzə verdi. Emin Mahmudovla Dario Federikonun cərimə zərbəsi zamanı ev tapşırığını qüsursuz yerinə yetirməsi Stiven-Jozef Monrozun debüt oyununda adını tabloya yazdırması ilə yekunlaşdı. Buna qədər qolun əsas yaradıcısı Dario da fərqlənməyə yaxın olmuş, lakin zərbəsi tirdən dönmüşdü.
Rəqib hücumlarını başlamamış “boğan” Neftçi qapısına ilk zərbə yalnız 25-ci dəqiqədə endirildi. İlk düzəməlli zərbə üçünsə hissənin sonunu gözləmək lazım gəldi. Onda da Səlahət Ağayev bacarığını göstərdi.
Fasilədən sonra məğlub durumda olan ev sahibi bir qədər açılışdı və insafən “Neftçi” qapısı qarşısında həyəcanlı anlar da yaşada bildi. Ancaq həmin epizodların bircəciyində qol ehtimalı yüksək oldu ki, onda da uyğun vəziyyətdə rəqib hücumçu qapıya düşməyi bacarmadı. Yeri gəlmişkən, bu da “Neftçi”nin hücumda olduğu zaman əks-hücumda yaxalanması nəticəsində baş vermişdi – “Sperantsa”nın “ağ-qaralar”ı öz qapısına sıxışdırmasının göstəricisi deyildi.
Digər epizodlarda müdafiəni doğru qurmağı bacaran “Neftçi” rəqibinə real şans vermədi. Arxa xəttin lideri Kirilo Petrov isə ümumiyyətlə keçilməz idi. Voislav Stankoviç kimi keyfiyyətli stoperin gəlişi ilə “Neftçi” müdafiəsinin mərkəzində ciddi rəqabət yaranıb, ilk oyun isə göstərdi ki, bu artıq komandaya faydasını verməyə başlayıb.
“Neftçi” 2:0 kimi komfortlu üstünlüyə malikkən, təxminən 60-cı dəqiqələrdə Bordinin 5-li müdafiəyə keçəcəyini gözləmək də olardı. O, ötən mövsüm bir neçə dəfə oxşar durumlarda belə sistemə keçmiş və “Neftçi” bunun acısını çəkmiş, italyan çalışdırıcı isə ciddi tənqidlərə məruz qalmışdı. Ancaq “Sperantsa” qarşısında yalnız hücumu düşünən Bordin əvəzləmələri mövqe üzrə etdi, sistemə və oyun üslubuna toxunmadı. İkinci hissədə müdafiəyə meyillilik bir qədər artsa da, ümumi hücum futbolu anlayışı dəyişməmişdi. Əvəzetmənin biri isə “Neftçi”yə qolla fayda verdi. Rəhman Hacıyev meydana çıxdıqdan bir qədər sonra dəqiq zərbə ilə görüşdə son nəticəni müəyyənləşdirdi.
“Forza Neftçi” dəfələrlə yoxlanışdan keçməsinə baxmayaraq (2 dəfə stadionda, daha əvvəl bir neçə dəfə səfər zamanı – F.T.), “Zimbru” stadionuna da pirotexniki vasitələr keçirə bilmişdi. 3-cü qolun ardınca petardaların yandırılması həmin tribunada kiçik çaxnaşmaya səbəb oldu. Klubun Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev tezliklə özünü azarkeşlərin yanına çatdırdı.Təhlükəsizlik işçiləri ilə fanatlar arasında problem böyümədi və onlar sonda tam tərkibdə komandayla birgə ənənəvi qələbə sevincini yaşaya bildilər. "Zimbru" tribunalarında matçboyu fəallıq edən elə məhz "Neftçi"lilər oldu. Ümumilikdə qarşılaşmanı təxminən 1300 nəfər izləyirdi, ancaq yerlilərin əksəriyyəti sadəcə izləyici idi. Onların yalnız bir qrupu müxtəlif şüarlar səaləndirirdi. "Neftçi" azarkeşləri isə səfər matçında komanda üçün ev ab-havası yaratmaq mənasında əlindən gələni edirdi.
“Neftçi”nin qalibiyyəti hər şeydən əvvəl komandalar arasındakı səviyyə fərqininin meydançada konkret ifadəsidi – tablodakı rəqəmlər bəlli həqiqətin rəsmi formaya salınması oldu. Bakı klubu futbolçularının keyfiyyətinə görə rəqibindən bir neçə baş üstündü. Matçdan öncə də qeyd etdiyimiz kimi, səfər oyunu olmasına baxmayaraq, qələbə mütləq və gözlənilən idi. Oyuna düzgün yanaşma ilə “ağ-qaralar” gözləntiləri qarşıladı. Digər tərəfdən, baş məşqçi tanıdığı və ya çox az dəyişən rəqibə qarşı komandasını taktiki cəhətdən çox yaxşı hazırlamışdı. Doğrudu, səviyyəcə fərqin böyüklüyü ola bilsin ki, taktiki məsələləri ikinci plana atır, ancaq onu da nəzərə almaq lazımdı ki, “Neftçi” hazırda formasının pikində deyil. Fasilədən sonra ilk oyunda bunu gözləmək də yersiz olardı. Üstəlik, rəqibin təmsilçisi olduğu ölkədə hazırda çempionat davam edir və məntiqlə onlar daha hazırlıqlı olmalıdılar. Belədə, baş məşqçinin komandanı həm mental, həm taktiki cəhətdən hazırlaması ikiqat vacib olur. İkinci qoldakı gözəl ev tapşırığı isə Bordinin rəqibi necə çətin vəziyyətə salacağını yaxşı bildiyinin xüsusi göstəricisidi.
Matçdan sonra nəticəyə də uyğun olaraq, iki tərəfdə əhval-ruhiyyə fərqli idi. Bordin böyükhesablı qalibiyyətdən, yetirmələrinin oyuna yanaşmasından razılığını dilə gətirdisə, Kristian Efros hətta rəqibin parlaq qələbəsinə kölgə salmaq cəhdi hesabına bəhanələr uydurdu. Guya hakim idarəçiliyi matçın belə nəticələnməsində ən vacib faktor olub. Əslində isə görüşdən öncə “Real Madrid”lə oyunda belə, komandasını favorit sayacağını deyən məşqçi aşkar görünən aqressiyası ilə büruzə verirdi ki, belə yenilgini sadəcə qəbullana bilmir.
Böyükhesablı qələbə ilə “Neftçi” məsələni Kişinyovdaca həll etdi. Doğrusu, iyulun 18-də Bakıda keçiriləcək cavab matçı formal xarakter daşıyacaq. Möcüzə olmasa, 2-ci mərhələdə Tula “Arsenal”ının rəqibi “Neftçi” olacaq. Ancaq həm də müasir dünyada möcüzələr elə deyəsən məhz futbolda baş verir. Cavab matçında da eyni yanaşmanı göstərmək, həmin oyuna düzgün hazırlaşmaq vacibdi. Həm də daha bir qələbədən, lap deyək ki, böyükhesablı qələbədən niyə imtina edəsən ki?
Faiq Tahirov

