Avropa Liqasında ilkin mərhələyə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 6 oyunla 1-ci təsnifat mərhələsinə vəsiqə qazanan bütün kollektivlərin adına aydınlıq gəlib.
“Qəbələ”nin potensial rəqibləri olan “La Fiorita” (San Marino) ilə “Enqordani” (Andorra) də cavab görüşünə çıxıb.
Bu kollektivlər arasında keçirilən matçda andorralılar 1:0 hesablı qələbə qazanmışdılar. Cavab görüşündə də 2:1 hesabıyla üstün olan “Enqordani” Avroliqanın 1-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.
“Enqordani” 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" klubu ilə mübarizə aparacaq. Məhz bu kollektivlərin duelindən qalib ayrılacaq tərəf 2-ci təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşmaq hüququ qazanacaq.
Ardıcıl 6-cı dəfə bu turnirdə qüvvəsini sınayacaq “Qəbələ” yeni mövsümdəki ilk oyununu iyulun 25-də evdə keçirəcək.
Cavab görüşü isə avqustun 1-də səfərdə baş tutacaq. 1-ci təsnifat mərhələsinin oyunları isə iyulun 11-də və 18-də keçiriləcək.
İki gün öncə bu sevinci yaşamış Cəbəllütariqin “Sent Jozefs” klubundan sonra, “Proqres” (Lüksemburq), “Enqordani (Andorra), “Ballimena Yunayted” (Şimali İrlandiya), “Europa” (Cəbəllütariq), “Kliftonvill” (Şimali İrlandiya) və “Klaksvik” (Farer adaları) də 1-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.
Sent Jozefs (Cəbəllütariq) - Priştina (Kosovo) 2:0 (ilk oyun 1:1)
Kardiff Met Universiti (Uels) - Proqres (Lüksemburq) 2:1 (0:1)
Enqordani (Andorra) - La Fiorita (San Marino) 2:1 (1:0)
Runavik (Farer adaları) - Ballimena Yunayted (Şimali İrlandiya) 0:0 (0:2)
Europa (Cəbəllütariq) - San-Xulia (Andorra) 4:0 (2:3)
Kliftonvill (Şimali İrlandiya) - Barri Taun (Uels) 4:0 (0:0)
Tre Fiori (San Marino) - Klaksvik (Farer adaları) 0:4 (1:5)

