"Səbail"in Avroliqanın I təsnifat mərhələsində rəqibi olan Rumıniyanın "Universitatya Krayova" klubu vaxtilə Azərbaycanda legioner həyatı yaşamış futbolçuları transferə çıxarıb.
Sportinfo.az xəbər verir ki, paraqvaylı oyun qurucusu Sezar Meza Kolliylə rumıniyalı hücumçu Andrea Kristea hazırkı komandalarında əsas heyətdə düşməkdə çətinlik çəkdiklərindən heyətdən kənarlaşdırılıblar.
Bu da onların mövqeyində yüksək səviyyəli futbolçuların çıxış etməsi nəticəsində güclü rəqabətin olmasıyla bağlıdı.
Hərçənd Sezar ölkəmizdə son olaraq çıxış etdiyi "Keşlə"nin lideri idi və onu rumınlar ötən yay müəyyən məbləğin qarşılığında trasnfer etmişdilər.
Ancaq Meza Kolli bizdə nə qədər "at oynatsa" da, Krayova təmsilçisində heç start "11-liy"inə düşə bilmir.
Kristea isə "Qəbələ"də çıxış etdiyi yarım ildə heç özünü göstərə bilməmişdi və həmyerlisi olan baş məşqçi Dorinel Muntyaninin yararsız transferlərindən biri olaraq tezliklə göndərilmişdi.
Sezar Azərbaycanda "Keşlə" "İnter" adlananda da çıxış edib, həmçinin "Zirə"nin şərəfini qoruyub.

