Reytinqbazlıq oyun

17 İyun 2019 11:48 Avropa Liqası 565
Reytinqbazlıq oyun

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib.

Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib.

Paytaxtın hava limanından mayın 30-da rekord sayda - 100-dən çox təyyarə uçuş həyata keçirib. Reyslərin çoxu London-Bakı-London marşrutu üzrə həyata keçirilib.

Həmçinin Frankfurt, Vyana, Buxarest, Madrid, Nitsa, Afina, Stokholm, Doha və bir sıra digər şəhərlərdən nümayəndə heyətləri, pərəstişkarlar və azarkeşlər gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanı üçün yeni olan aviaşirkətlərin – “Enter Air”, “Blue Panorama Airlines”, “Maleth Aero Aoc Limited”, “Hifly Airlines”, “WamosAir”, “Getjet Airlines” və digər çarter aviaşirkətlərinin təyyarələrini qarşılayıb.

Onlar arasında Londondan göyərtəsində təxminən 500 sərnişin ilə gələn “Hi-Fly” aviaşirkətinə məxsus ən böyük sərnişin təyyarəsi – UEFA nümayəndələrini daşıyan “Airbus A380” olub.

Bu dəfə azarkeşlərin Bakıya gəlməsi ilə bağlı hay-küyün əsas səbəbinin mental problemlə bağlı olacağı üzə çıxan kimi, hədəfə ən həssas mövzu gətirildi.

Bakının futbolun vətəni seçilməsinə etiraz edənlər, əslində, UEFA-nı son illərdə seçdiyi bərabərhüquqlu təşkilatçılıq imkanları prinsiplərinə daş atırdılar.

Bunu açıq da yazırdılar. Guya ki, ingilis azarkeşinə mental olaraq, tanıdığı Roma, Madrid, Parisə getmək daha rahatdır, nəinki tanımadığı Bakıya. Digər bəhanə isə Azərbaycanda futbolun inkişaf etməməsidi.

Bu zaman belə çıxır ki, mötəbər yarışların, hətta FİFA səviyyəsində dünya çempionatının keçirilmə hüququnun futbolda qələbə payı olmayan Afrikaya, Asiyaya, Şimali Amerikaya verilməsi heç də doğru addımlar deyil.

Həmin absurd məntiqlə dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələri, lakin futbolda geri qalan Yaponiya, ABŞ, habelə sürətli inkişaf yolunda olan Koreya, Çin kimi məmləkətlərdə futbolun böyük turnirləri keçirilə bilməz.

Bunlara rəğmən hətta milli münasibətlər zəminində özünü sivil adlandıran bu dar düşüncəli azlığın loyallıq, barışdırıcılıq, sülhpərvərlik, ortaq dəyərlər və s. bu kimi bayraq etdiyi ideallarla ortaya qoyduqları mövqe heç üst-üstə düşmür.

Deməli, onların təbirincə, inkişaf etmiş mühit anlayışı təhrif olunaraq, ikiüzlü, meşşan, mənafe və mənfəətpərəst məqsədlərə xidmət edir.

Fərdlər baxımından da hərənin öz arşını ortada idi. «Arsenal»ın erməni futbolçusunun adı əsl siyasi hoqqabazlıqla, qara piar olsa belə, məqsədyönlü şəkildə «sarılaşmış» reytinqbazlıq oyununun tərkib hissəsindən başqa şey deyildi.

Yeri gəldi-gəlmədi, haqqı çatdı-çatmadı, aidiyyatı oldu-olmadı, yerindən duran da bu fürsətdən yararlanmağa və xal qazanmağa, ictimai rəyə təsir etməyə çalışdı.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti