"Qəbələ": 5 mümkün variant

2 İyun 2019 10:12 Avropa Liqası 850
"Qəbələ": 5 mümkün variant

Azərbaycan kubokunun qalibi "Qəbələ" növbəti mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq.

6.250 reytinq xalı olan bölgə təmsilçisi ilk püşkatma zamanı səpələnmişlərin - yəni güclülərin sırasında yer alacaq.

"Qəbələ" ilə yanaşı, "Roma" (İtaliya), "Ayntraxt" (Almaniya), "Espanyol" (İspaniya), "Partizan" (Serbiya), "Vulverhempton" (İngiltərə), "Strasburq" (Fransa), "Zarya" (Ukrayna), "Alkmaar", "Utrext" (hər ikisi Hollandiya), "Arsenal" (Rusiya), "Gimaraeş (Portuqaliya), "Royal Antverp" (Belçika), "Yeni Malatyaspor" (Türkiyə), "Qəbələ" (Azərbaycan), "Yablonets" (Çexiya), "Atromitos", "Aris" (hər ikisi Yunanıstan), "Osiyek" (Xorvatiya), "Esbyerq" (Danimarka) və "Lütsern"in (İsveçrə) də səpələnmişlərdə olacağı dəqiqdi.

Təmsilçimizin artıq 5 potensial rəqibi bilinir. Bunlar AEL (Kipr), "Haken" (İsveç), "Vitorul" (Rumıniya), "Lexiya" (Polşa) və "Lokomotiv"di (Plovdiv, Bolqarıstan).

Digər rəqiblər I təsnifat mərhələsindən gələcək komandalar olacaq. Bu turnirdəki digər təmsilçilərimiz "Neftçi" və "Səbail" isə I mərhələ səddini aşmağı bacarsalar, II raundda səpələnməmişlərin sırasında yer alacaq.

Bu isə o deməkdi ki, paytaxt təmsilçiləri "Qəbələ" ilə eyni səbətdə qərarlaşan komandalardan biri ilə üz-üzə gələcək.

Onlar arasında "böyük beşlik" ölkələrindəki təmsilçilərin, xüsusən də, İtaliya nəhəngi "Roma"nın adını vurğulamaq olar.

Ümumiyyətlə, Avropa Liqasının II təsnifat mərhələsində 92 komanda iştirak edəcək. Onlardan 74-ü Liqa Yolu, 18-i Çempionlar Yolundan mərhələ adlamağa çalışacaq.

"Qəbələ", eləcə də digər klublarımız II mərhələdən üzüağ çıxa bilsələr, III mərhələdə qarşılaşa biləcəkləri 8 komanda məlumdu. Bu turnirdəki təmsilçilərimiz III raundda səpələnməmişlərdə olacaq.

Hələlik bəlli olan mümkün rəqiblər "Sparta" (Çexiya), "Sportinq" (Portuqaliya), "Feyenoord" (Hollandiya), "Standard" (Belçika), "Spartak" (Moskva, Rusiya), AEK (Yunanıstan), "Midtyulland" (Danimarka) və "Riyeka"dı (Xorvatiya).

Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 18-19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti