Azərbaycan paytaxtı Londonun yarısını ağlatdı, yarısını güldürdü - FOTOLAR

30 May 2019 16:24 Avropa Liqası 472
Azərbaycan paytaxtı Londonun yarısını ağlatdı, yarısını güldürdü - FOTOLAR

Avropa Liqasının final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan matçda “Çelsi” və “Arsenal” qarşılaşıb.

"Küləklər şəhəri"ndə gerçəkləşən London derbisində "Çelsi" qalib gəlib - 4:1. Matçın ilk 15 dəqiqəsində qapılar önündə real qol vəziyyəti olmayıb.

"Arsenal" cinahdan təşkil etdiyi hücumlarla fəallıq göstərsə də, son zərbələr qeyri-dəqiq alınıb. 18-ci dəqiqədə Lyakazett Arrisabalaqa ilə təkbətək mübarizədə yerə yıxılsa da, italiyalı referi Canluka Rokki penalti təyin etməyib.

Baş hakim "Arsenal" futbolçularının videotəkrar sisteminə (VAR) müraciət etmək tələblərinə məhəl qoymayıb.

İrəliləyən dəqiqələrdə də "topçular" cinah hücumlarına bel bağlayıb. Əks-hücum zamanı isə "zadəganlar"ın forvardı Jiru topu düzgün qəbul etməyib və zərbə anını qaçırıb.

Bir qədər sonra isə Cakanın zərbəsi təhlükəli alınsa da, hesab açılmayıb. Ardınca "Çelsi"dən Palmierinin sol cinahdan zərbələri də qolla nəticələnməyib.

Həmçinin "Arsenal"dan Kolaşinatsın sol cinahdan vurduğu zərbələr qapı xəttini keçməyib. Qarşılaşmada ilk real qol epizodu 39-cu dəqiqədə "Arsenal"ın qapısı önündə olub.

Jirunun cərimə meydançasının daxilində vurduğu zərbəni Çex çətinliklə dəf edib. Beləliklə, ilk hissədə hesab açılmayıb.

İkinci hissə isə qolla başlayıb. Matçın 49-cu dəqiqəsində Palmierinin sol cinahdan hava ötürməsini Jiru başla qola çevirərək, sabiq komandasını məyus edib.

Oyunun 60-cı dəqiqəsində "Çelsi"nin yenə sol cinahdan təşkil etdiyi hücum qolla nəticələnib. Eden Azarın ötürməsini Pedro Rodriges dəqiq zərbə ilə tamamlayıb.

65-ci dəqiqədə "Çelsi" qələbəyə bir qədər də yaxınlaşıb. Azar Jiruya qarşı kobudluqdan sonra təyin edilən penaltini dəqiq yerinə yetirib.

Hesabda 3 top fərqi ilə geri düşdükdən sonra "Arsenal"ın baş məşqçisi Unay Emeri 2 əvəzetməyə əl atıb. O, müdafiəçi Monrealın əvəzinə yarımmüdafiəçi Matteo Günduzini, sol cinahdakı Torreiranın əvəzinə Aleks İvobini buraxıb.

Sonuncu 69-cu dəqiqədə qol vursa da, 72-ci dəqiqədə Azar yenə aradakı fərqi 3 topa çatdırıb. "Çelsi"nin baş məşqçisi də Mauritsio Sarri əvəzetməsiz ötüşməyib.

O, Azarın qolundan 1 dəqiqə əvvəl Pedronun yerinə Villianı buraxıb. 76-cı dəqiqədə isə Ross Barkli Kovaçiçi əvəzləyib. "Arsenal"da isə Özil yerini Co Uilloka verib.

Bundan sonra hər iki komandanın bir neçə real qol şansı olub. Lakin hesab 4:1 olaraq qalıb.

Beləliklə, Bakıda baş tutan möhtəşəm finalda "Çelsi" 6 ildən sonra tarixində 2-ci dəfə Avropa Liqasının qalibi olub. Komandanın forvardı Oliviye Jiru isə 11 topla mövsümün bombardiri adını qazanıb.












Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti