Mxitaryan desəydi ki, Qarabağ Azərbaycanındı…

28 May 2019 10:48 Avropa Liqası 582
Mxitaryan desəydi ki, Qarabağ Azərbaycanındı…

Ermənidən tarixən xeyir gəlməyib.

İndi də Bakıda yüz ilin başında Avropa kubokunun finalı oyununa sevindiyimiz yerdə bir erməni futbolçunun söz-söhbəti ürəklərimizi bulandırır, doğru-dürüst ləzzət almağa da imkan vermir.

Guya Mxitaryan Bakıya gəlsə, gərginlik yaşanacaq, futbolçu da komandası “Arsenal”da psixoloji travma alacaq və sairə.

Xaricdəki erməni diasporu, erməni mediası bizi hər cür pislikdə ittiham edirlər. Erməni azarkeşlərin Bakıya gəlməsinə imkan, şərait yaradılmamasında bizi qınayır, rasizmdə, ksenofobiyada ittiham edirlər.

Səhv edirsiz. Biz nə rasizm azarına tutulmuşuq, nə ksenfobiyaya. Biz irqçı deyilik, sadəcə, siz düşmənsiz.

Düşmən! Yüzminlərlə Qarabağ camaatını doğma yerindən, yurdundan, vətənindən havadarınız hesabına qovan, minlərlə günahsız insanı qətlə yetirən, keçmişimizi, tariximizi əlimizdən almağa iddia edən, torpaqlarımızda at oynadan düşmən!

Yoxsa sizləri bağrımızamı basmalıyıq? Yoxsa Mxitaryanı gül-çiçəklə, İrəvandan, Londondan gələn erməniləri-düşmənlərimizi xoş təbəssümlə qarşılamalıyıq?

Biz Qarabağı azad edəndən sonra düşmənin özünü necə aparmağına baxıb, qonşu kimi qarşılaya bilərik. İndi vətənini sevən hər kəs qisas hissi ilə alışır-yanır.

Bizi qınamağa haqqınız yoxdur. Mxitaryan Londonda bəyanat versəydi ki, Qarabağ Azərbaycan torpağıdı, nə edərdiz?

Yenəmi belə hay-küy qaldıracaqdız? Edəcəkdiz, amma Mxitaryana qarşı. Deyəcəydiz ki, satılıb, çağırış edəcəkdiz ki, Mxitaryan yığmadan qovulsun.

Düz də edəcəkdiz. Satqınlara münasibət belə də olmalıdı. İndi istəyirsiz, biz bütün ölkəcəmi ikiüzlülük edək?

Rasizm, ksenofobiya… Əvvəlcə bir özünüzə baxın. Azərbaycanda onlarla millət yaşayır, Ermənistansa monoetnik bir ölkədi. Yalnız türkləri deyil, başqalarını da sevmirsiz. Yaltaqlandığınız, sığındığınız rusları belə qovduz. Öz işinizdi.

Hələ avropadakılar da bizi hədəfə alıblar. Niyə? Elə isə niyə İsrail dövləti Asiyada yerləşməsinə baxmayaraq, onu bütün idman yarışlarında Avropa çempionatlarına daxil etmisiz?

Bəlkə İran yığmasını İsraildə, İsrailin də komandasını İranda səbirsizliklə gözləyənlər var? Və yaxud ərəb ölkələrində?

Yazırlar ki, “Arsenal”da Mxitaryana görə hiddətləniblər. Cənab topçular, biz ermənilərlə, ermənilər də bizlərlə siz İkinci Dünya savaşında almanlarla hansı münasibətdə olmusuzsa, biz indi o münasibətdəyik.

Yəni, o vaxt necə müharibə vəziyyəti idisə, indi də biz müharibə vəziyyətindəyik. Keçmişinizə baxın, bu gün başqalarına irad tutmayın.

Nə qədər sülh danışıqları aparırsızsa aparın, xalqları sülhə hazırlayırsızsa, onu da edin, amma mənim ata-baba yurdum özümə qayıdandan sonra.

Onu azad edənədək, o torpaqları işğal edənlər bizim düşmənimizdi! Düşmənlə düşmən kimi rəftar edərlər.

Ukrayna prezidenti Zelenski andiçmə mərasimindəki çıxışında dedi:

“Mən populyarlığımı, reytinqimi itirməyə hazıram, əgər gərəkirsə, mən vəzifəmi də itirməyə hazıram, təki sülh olsun. Amma torpaqlarımızı itirmədən. Başqa cür ola bilməz! (Alqışlar, hamı ayağa qalxır)”.

İndi məni bu mövqeyimə görə ksenofobiyada, rasizmdə, daha nə bilim nədə ittiham edirsizsə edin! Hazıram!

Hazırıq! Torpaqlarımızı azad etmədən mən də, bu millət də elə bu cür olacağıq!

İlham İsmayıl

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti