"Çelsi"nin kapitanı Sezar Azpilikueta komanda ətrafında yayılan söz-söhbətlərdən narahatdı.
Sportinfo.az xəbər verir ki, ispaniyalı müdafiəçi transfer dedi-qodularının Avropa Liqasının final oyunu öncəsi onlara mənfi təsir edə biləcəyini söyləyib.
O, xüsusən də, yarımmüdafiəçi Eden Azarın "Real"a keçidi və baş məşqçi Mauritsio Sarrinin qovulma xəbərlərindən narazılığını dilə gətirib:
"Mövsüm sona yaxınlaşdıqca transfer xəbərlərinin yayılmasından xəbərdarıq. Həm Azar, həm də Sarri məsələsi çox böyüdülür.
Belə şeylərə öyrəşmişik. Ancaq final öncəsi bu söz-söhbətlərə fikir verməməliyik.
Biz bütünlüklə final matçına köklənmişik və konsentrasiyanı itirməməyə çalışırıq. Nələr baş verəcəyini sonra hər kəs görəcək.
İndi yeganə narahat olduğum məqam bu söz-söhbətlərin kollektivə təsir etmə ehtimalıdı.Ümid edirəm ki, bütün bunların fonunda Avropa Liqasının kubokunu qazancaq və Bakıdan xoşbəxt dönəcəyik".

