Avropa Liqasının Bakıda keçiriləcək final matçının iştirakçıları onlara ayrılan biletlərin bir hissəsindən imtina etməyi planlaşdırır.
Sportinfo.az xəbər verir ki, "Arsenal" və "Çelsi" ümumilikdə 6000-dən çox bilet qaytaracaq, çünki müvafiq olaraq 3500 və 2000 bilet sata biliblər.
UEFA ümumilikdə klubların hər birinə 5800 bilet ayırıb ki, bu da finalın keçiriləcəyi stadionda yer tutumunun 10 faizini təşkil edir.
Qərar guya Bakı aeroportunun buraxılış imkanlarının aşağı olması ilə əlaqədar qəbul edilib.
Həmçinin 2000 biletin ayrıldığı UEFA sponsorları analoji problemlə üzləşiblər. İngilis klubları və sponsorların qaytaracaqları biletlər yenidən satışa çıxarılacaq. Hazırda Azərbaycanda 23000 bilet satılıb.
Yerdə qalan 6000-ə yaxın biletin geri qaytarılması istisna olunmur.
UEFA hər komandaya matçın keçiriləcəyi stadionun tutumunun 10%-i qədər bilet ayırmışdı ki, bu da Bakı Beynəlxalq Hava Limanının tutumu ilə əlaqədar verilmiş qərar idi.
Əsas problemlər kimi isə aviareyslərin məhdudiyyətli olması, biletlərin bahalılığı, uçuşun vaxtı, viza prosedurlarının uzanması və qarşılaşmanın gec başlaması (yer vaxtla saat 23:00-da) qabardılır.
Yeni satışa çıxarılacaq biletlərə nə dərəcədə tələbat olacağı isə maraqla gözlənilir.

