Bəlli olduğu kimi, "Arsenal" ermənistanlı futbolçusu Henrik Mxitaryanla bağlı yekun qərarını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, klub rəsmi bəyanatında 30 yaşlı yarımmüdafiəçinin Avropa Liqasının final oyunu üçün Bakıya gətirilməyəcəyini vurğulayıb.
Azərbaycan hökuməti tərəfindən təhlükəsizliklə bağlı təminat verilməsinə baxmayaraq, "topçular" oyunçusunu Bakıya gətirməmək israrını davam etdirib:
"Təəssüflə bildiririk ki, Mxitaryan Avropa Liqasının "Çelsi" ilə keçiriləcək final oyununun heyətində yer almayacaq.
Onun heyətə salınıb-salınmaması ilə bağlı müzakirələr apardıq. Ailəsi ilə görüşdükdən sonra səfərə yollanmamasını qərarlaşdırdıq.
Biz vəziyyətlə bağlı narahatlığımızı UEFA-ya bildirdik. Henrik finala qədər irəliləməyimizdə böyük rol oynadı.
Onun yoxluğu komandamız üçün ciddi itki olacaq. Belə finallar isə futbolçu karyerasında az olur.
Mxitaryanın həlledici görüşü buraxacağı üçün məyusuq. O, həftəsonu Bakıya gedənə qədər komanda ilə birlikdə hazırlaşacaq".
“Arsenal”ın baş məşqçisi Unay Emeri Mxitaryanın Azərbaycana gəlməmək barədə özü qərar verdiyini bildirib:
“Final üçün yaxşı hazırlaşırıq. Bütün fikrimiz tamamilə bu oyuna fokuslanıb. Hər an bizim üçün dəyərlidi.
Mxitaryanın bizimlə olmayacağı pis xəbərdi. Siyasi məsələləri anlamağa və başa düşməyə çalışırıq.
Onunla danışdım, bizimlə oynamaq istəyir, ancaq ailəsi ilə birlikdə qərar veriblər. Mən özüm Bask bölgəsindənəm və siyasi konfiliktləri yaxşı bilirəm.
Təəəssüf ki, bu məsələdə qərar vermək mənim əlimdə deyil. Sadəcə şəxsi qərarına hörmət eləməliyik”.
Emeri sonda azarkeşlərin dəstəyinə ehtiyacları olduğunu vurğulayıb: “Azarkeşlərimizin bizimlə birlikdə Bakıya gəlmək istədiklərini bilirəm.
Əlbəttə, onların dəstəyi ilə daha güclü oluruq. Bilirəm ki, Bakıda da “Arsenal”ın çoxlu fanatları var, yaxşı olardı ki, Londondan da bizə dəstək olmağa gələnlər olsun”.

