UEFA prezidenti: "Azərbaycanı ziyarət etmək bizim üçün şərəfdi”

21 May 2019 19:36 Avropa Liqası 488
UEFA prezidenti: "Azərbaycanı ziyarət etmək bizim üçün şərəfdi”

“Dünyanın hər yerindən olan futbol azarkeşlərini həyəcanlandıracaq bu hadisə üçün Azərbaycanı və onun gözəl paytaxt şəhərini ziyarət etmək bizim üçün şərəfdi”.

Sportinfo.az xəbər verir ki, bu fikirlər UEFA prezidenti Aleksander Çeferinin Bakıda keçiriləcək Avropa Liqasının final oyunu ilə bağlı salamlama mesajındandı.

Sloveniyalı funksioner bildirib ki, gələn il AVRO-2020-nin oyunlarının keçiriləcəyi möhtəşəm Bakı Olimpiya Stadionu həm də Avropa klub futbolunun ən gözəl hadisələrindən birinin məkanı olmağa hazırdı:

“Hamımız daha bir möhtəşəm Avropa Liqası mövsümünün zirvə nöqtəsini səbirsizliklə gözləyirik. Azarkeş və bitərəf müşahidəçilər keçən bir neçə ay ərzində sərgilənmiş oyunları həyəcanla izləyib.

Saysız-hesabsız və gərgin mübarizə şəraitindəki oyunlardan sonra kubok uğrunda mübarizə aparan sadəcə iki komanda qalıb.

Bakıya gəlişləri onların necə də yüksək keyfiyyətlərə malik olduqlarından xəbər verir.

Paytaxt sakinləri hər kəsi qarşılamaq imkanından zövq alır və iki komandanın azarkeşləri, şübhəsiz ki, çox coşqun və unudulmaz ab-havanın yaradılmasına kömək edəcəklər”.

UEFA rəhbəri final oyununa ev sahibliyi etdiyi üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) təşəkkür edib:

“AFFA və xüsusilə onun prezidenti Rövnəq Abdullayevə bu final oyununa ev sahibliyi etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm.

Hər iki tərəfə qarşılıqlı hörmət və ədalətli oyun ruhunda keçiriləcəyinə ümid etdiyim oyunda uğurlar arzulayıram”.

Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda “Arsenal” və “Çelsi” qarşılaşacaq. Matç saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti