Artıq nəhəng yarışlar məkanı olmuş ölkəmizdə ilk dəfə böyük futbolun da parlaq final mübarizəsinə şahidlik etmək mümkündü.
Qitənin, əslində, dünyanın ən çox diqqətçəkən ikinci klub futbolu turniri olan Avropa Liqasının həlledici oyunu Respublika Gününün ertəsi - mayın 29-da paytaxtın olimpiya stadionunda təşkil olunacaq.
23:00-da başlanacaq matç, təbii ki, yerli vaxtla ertəsi günün ilk saatlarında başa çatacaq.
Bu matçın tarixdə bir neçə yeniliklə iz qoyacağı indidən məlumdu. Onlardan bir qismi əsas hadisəyə - iki ingilis klubunun mübarizəsinə qədər - məlumdu.
İlk dəfə qitənin iki ən böyük futbol yarışının finalı eyni həftədə keçiriləcək. Bakı finalının ardınca Çempionlar liqasının qalibi də 3 gün sonra müəyyən olunacaq.
Qalibin kubok, medallar və əsas pul mükafatı ilə yanaşı, qazancı gələn ilin Çempionlar Liqasının qrup yarışına vəsiqəsi olacaq.
Əlbəttə, UEFA superkubokuna çıxış da öz yerində qalır. Matçda videomüşahidə hakimliyi sistemi (VAR) tətbiq ediləcək.
48-ci dəfə keçirilən (əvvəlki adı - UEFA Kuboku, 2009-cu ildən Avropa liqası) turnirin əsas özəlliyi, sadəcə, bir ölkənin deyil, eyni şəhərin komandalarının – «Arsenal»la «Çelsi»nin həlledici matçda üz-üzə gəlməsidi.
Bakıda futbol banilərinin təmsilçiləri qalibi aşkarlayacaq. Finalçılar bunun üçün 8 min kilometr yol qət edəcəklər.
Beləliklə, tarixdə ilk dəfə eyni şəhərin iki komandası finalda üz-üzə gələcək. Eyni ölkənin komandaları üçünsə bu, 10-cu final olacaq.
İngilislər ikinci dəfə qalibi öz aralarında müəyyən edirlər. Maraqlıdı ki, ilk dəfə UEFA kubokunun açılış mövsümündə ikioyunluq «ev-səfər» seriyasında «Tottenhem Hotspur» «Vulverhempton Uondererz»i məğlub etmişdi – 2:1 və 1:1.
Maraqlananlar üçün onu da qeyd edim ki, bu yarışın ən çox finalı İtaliya klubları (4 dəfə) arasında olub (İspaniyanın 2, Almaniya və Portuqlaiyanın 1 finalı var).
Sonuncu eyniölkəli finalda isə eyniadlı komandalar qarşılaşıb: 2012-ci ilin mayında Madrid «Atletiko»su Rumıniya paytaxtı Buxarestdə Bilbao «Atletik»ini 3:0 hesabı ilə məğlub edib.
Yeri gəlmişkən, Madrid klubu kubokun sonuncu qalibidir və finalda Marsel «Olimpik»inə qalib gəlib – 3:0.
ELXAN

