UEFA-nın Ulduz səfirlərindən olan Fransa millisinin sabiq futbolçusu Rober Pires Bakıda keçiriləcək Avropa Liqasının final matçı ilə bağlı sabiq komandası – “Arsenal” azarkeşlərinə çağırış edib.
Sportinfo.az xəbər verir ki, Bakıda səhər yeməyi masası arxasında əyləşən 46 yaşlı veteran yarımmüdafiəçi “Instagram” hesabı vasitəsilə fikirlərini çatdırıb.
“Salam, “Arsenal” fanatları. İndi Bakıdayam, səhər yeməyi yeyirəm. İkinci dəfədi Azərbaycandayam.
Möhtəşəm final üçün burada hər şey hazırdır" deyən Pires fanatları Azərbaycan paytaxtında gözlədiyini dilə gətirib.
“Səbail”də çıxış edən Maykl Essyen də “Instagram” hesabı vasitəsi ilə azarkeşlərə müraciət edib. Qanalı yarımmüdafiəçi vaxtilə formasını geyindiyi - digər finalçı “Çelsi” nin azarkeşlərinə səslənib:
“Salam, sabahınız xeyir. Son bir neçə aydır ki, Bakıda yaşayıram və bundan məmnunam.
Burda səhər yeməyi əladı. Bakıya gəlin. Səhər yeməyi yeyin, axşam isə Avropa Liqasının finalına baxın”.
Bir neçə gün öncə “Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının finalının Azərbaycanda keçirilməsini "Bu qərarı verənlər səhər nə yeyirlər?" deyə tənqid edib.
“Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

