"Arsenal"ın nigeriyalı azarkeş qrupu "CanonCrested" Avroliqanın final oyununa aparılmayacağı gözlənilən Henrix Mxitaryanın maskalarını hazırlatmaq və onları İngiltərədən Bakıya gedəcək fanatlara paylamağı təklif edib.
Sportinfo.az-ın "The Times" nəşrinə istinadən yaydığı xəbərə görə, afrikalı tərəfdarlar Bakı Olimpiya Stadionuna toplaşacaq ingilis azarkeşləri həmin maskaları üzlərinə taxmağa, erməni futbolçunun "Arsenal"dakı forma nömrəsinə (7) uyğun olaraq, matçın 7 və 77-ci dəqiqələrində fləşmob keçirməyə çağırıb.
Azarkeş qrupu bu yolla Mxitaryana dəstək verməyə çalışır.
Son məlumata əsasən, "Arsenal" yarımmüdafiəçini "Çelsi" ilə final oyunu üçün Bakıya gətirməməyə qərar verib.

