Avropa Liqasının final oyununun Bakıda keçirilməsi bəzi Qərb dairələrini ciddi narahat etməyə başlayıb.
Görünür, bu səbəbdən son günlər qarayaxma kampaniyasına start veriblər.
İddia olunur ki, guya Azərbaycanda viza rejimi problem yaradır. Yəqin, Azərbaycanda sadələşdirilmiş viza rejiminin tətbiq edilməsindən ya xəbərsizidirlər, ya da bilərəkdən bu məsələyə mənfi rəng qatırlar. Əminliklə deyə bilərik ki, ölkəmizdəki sistem hər bir xarici vətəndaşın asan şəkildə viza almasına şərait yaradır. İndiyədək əcnəbilər belə bir problem yaşamayıblar.
Bundan əlavə, otellərin baha olmasından şikayət edirlər. Bu iddiaların da heç bir əsası yoxdur. Bakıda 20-30 dollardan başlayaraq daha yüksək qiymətlərə otellər 10 minlərlə idman azarkeşini qəbul etməyə imkan yaradır.
Uçuş biletlərinin qiymətinin yüksək olması iddiasına gəlincə, AZAL hazırda Böyük Britaniyaya və geriyə reyslərə beynəlxalq mülki aviasiyada mümkün olan ən aşağı qiymətlərdən başlayaraq qiymətlər tətbiq edir. AZAL-ın təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır.
Azərbaycan ilk dəfə deyil ki, belə mötəbər yarışlara ev sahibliyi edir. "Eurovision", "Formula 1", Avropa Oyunları, İslam Oyunları kimi beynəlxalq yarışların keçirildiyi ölkədə təhlükəsizlik probleminin olmasından danışmaq həm qeyri-ciddi, həm də yalandır.
Bunlar Anti-Azərbaycan şəbəkəsinin Bakı finalını nüfuzdan salmaq üçün ortaya atdığı böhtanlardır. Danmaq olmaz ki, sabitliyə və cinayətkarlığın səviyyəsinin aşağı olmasına görə Azərbaycan dünyanın ən əlverişli ölkələri ilə bir sırada durur.
Anar Rüstəmov

