"Arsenal" Məsut Özillə yollarını ayırmağı planlaşdırır.
Sportinfo.az xəbər verir ki, Almaniya millisinin sabiq üzvü baş məşqçi Unay Emerinin etimadını doğrulda bilmir.
Emeri zədəsini sağaltdıqdan sonra Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"la görüşdə (1:0) ulduza start heyətində şans vermiş və 83 dəqiqə onu meydanda saxlamışdı.
Həmin qarşılaşmadakı performansından məmnun qalmayan Emeri Premyer Liqanın ötən turunda "Sauthempton"la oyunda Özilə cəmi 20 dəqiqə güvənmişdi.
İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsində "Tottenhem"lə matçda isə 30 yaşlı yarımmüdafiəçi heç "18-liy"ə salınmayıb.
Yerli KİV "topçular"ın artıq qış fasiləsində Türkiyə əsilli yarımmüdafiəçi ilə vidalaşmaq niyyətində olduğunu iddia edib.
"Arsenal" "Tottenhem"ə 0:2 hesabı ilə məğlub olaraq, Liqa Kubokunda mübarizəni dayandırıb. Londonlularla 2021-ci ilin iyununa qədər müqaviləsi olan 30 yaşlı ulduzun satış qiymətinin 35 milyon avro civarında olduğu bildirlir.
2013-cü ilin yayında “Real”dan “Arsenal”a keçən M.Özil cari mövsümdə meydana çıxdığı 14 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
Emeri son 5 turda oynamayan Özilin həftəsonu Premyer Liqada "Börnli"yə qarşı start heyətdə yer alacağını açıqlayıb. Onun illik maaşı 21,5 milyon avrodu.

