“Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət etdi

19 Dekabr 2018 00:30 Avropa Liqası 599
“Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət etdi

Sportinfo.az xəbər verir ki, Avroliqanın qrup mərhələsi ötən həftə başa çatdı.

Kimlər üçünsə yarışın növbəti hissəsi yazdan etibarən davam edəcək.

Bizim üçün “Arsenal” - “Qarabağ” oyunu cari avrokubok mövsümündə sonuncu oldu. Təmsilçimiz möhtəşəm “Emireyts”də məğlub olmasına baxmayaraq, məlum görüş arxasında müəyyən suallar buraxdı.

Qarşılaşmanın ən maraqlı və həssas nöqtəsi son dəqiqələrdə yaşanan hadisə idi. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə meydana daxil olan erməni azarkeş təkcə Rəşad Sadıqovla Qara Qarayevin təpkisi ilə üzləşmədi.

Həmçinin oyunu izləyən azərbaycanlıların əsəbini yerindən oynatdı. Ən çox sual doğuran məqam azarkeşin bayrağı stadiona necə keçirməsi və meydana maneəsiz daxil olmasıydı.

Təbii, buna görə məsuliyyət “Arsenal” rəhbərliyinin boynundadı. Çünki bu cür halların baş verməməsi üçün ev sahibi kimi onlar duruma nəzarət etməlidi.

“Qarabağ” rəhbərliyiin isə yaşananlarla bağlı UEFA-ya şikayət etmək, günahkarların cəzalanmasına və ya cərimələnməsinə nail olmaq haqqı var. Maraqlıdı, Ağdam klubunun rəsmiləri olayla bağlı Avropanın futbol qurumuna hər hansı müraciətdə bulunub?

Başbilənləri xəbərdar etmək üçün hansısa addım atılıb? Suallara cavabı klubun mətbuat katibi Nurlan İbrahimovla söhbətdə aydınlıq gətirməyə çalışdıq (Futbol+):

“Oyundan əvvəlki iclasda bu cür halın baş verməsinin mümkünlüyü haqda rəsmilərə məlumat vermişdik. Tək bu oyunda yox, hər dəfə bu məsələni qabardıb, ev sahiblərindən diqqətli olmağı xahiş edirik.

Görünür, erməni azarkeşlərin təxribata yaxşı hazırlaşması və bu işi həyata keçirmək üçün xüsusi plan hazırlamaları ingilisləri çaşdırdı.

Bir şey də var ki, ingilislər bu cür məsələlərdə boşluqlara yol verirlər. Hər nə qədər də olmasa, özlərinə güvənirlər,

UEFA-dakıların qarşısında sözlərinin keçəcəyindən əmindilər. Hətta müfafizəçilər belə, nələrin yaşandığını anlaya bilmirdi. İstənilən halda, təhlükəsizlik tədbirləri ilə bağlı boşluğa yol verilib.

Meydan sahibləri diqqətli olsaydılar, bu hadisə yaşanmayacaqdı. Təbii, narazı tərəf kimi yaşananlarla bağlı UEFA-ya və müvafiq orqanlara müraciət etmişik.

Əslində bu cür hadisənin baş verməsi digər tərəfdən xeyrimizə oldu. Bilməyənlər də bildi ki, Qarabağ bizim torpaqlarımızdı, ermənilər isə qondarma respublika yaratmaqla həmin torpaqlara iddia edirlər”.

Bir başqa məqam Qurban Qurbanovun mətbuat konfransları zamanı yaranan üzücü məqam idi. Bakıdan səfərə jurnalistlər aparılanda baş məşqçinin mətbuat konfransları daha gözəgəlimli olur, səs-küylü keçir.

Amma bu dəfə susqunluq idi. Baxmayaraq ki, İngiltərədə xeyli sayda jurnalist yaşayır, neçə-neçə televiziya və saytın əməkdaşları Londonda fəaliyyət göstərir.

Elədisə, niyə cəmi iki nəfər? İbrahimovun mövqeyi ilə tanış olun: “Bəli, mənim də bildiyimə görə, İngiltərədə azərbaycanlı jurnalistlərin sayı çoxdu.

Amma bizə cəmi iki nəfər müraciət etmişdi. Biri Aytən Abbasova idi, digəri Toğrul Bağırov. Akkreditasiya üçün müraciət etmişdilər, biz də onları bu oyun üçün qeydiyyatdan keçirdik.

Yakub Jezniçak Polşadan gələn iki jurnalistin qeydiyyatı üçün xahiş etmişdi. Eyni zamanda Hannes Halldorssona görə daha iki həmkarımız İslandiyadan təşrif buyurmuşdu. Onlar da “Qarabağ”ın adından akkreditasiyadan keçmişdilər”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti