"Qarabağ" bu dəfə də ölkə futbolunun ayıbını örtdü

14 Dekabr 2018 12:36 Avropa Liqası 768
"Qarabağ" bu dəfə də ölkə futbolunun ayıbını örtdü

Dünən - dekabrın 13-də Azərbaycan üçün avrokubok mövsümü bitdi.

Bitməyinə elə iyuldakı ilk mərhələdə bitə bilərdi.

Sağ olsun, "Qarabağ" bu dəfə də ölkə futbolunun ayıbını örtdü, işi Londona qədər gətirdi. Qazanılan nəticə uğurlu olmasa da, Bakı Olimpiya Stadionu kimi böyük maneəyə rəğmən ümumi kampaniyanı uğurlu saymaq olar.

Olmasaydı, dünən o erməni azarkeş meydançaya girmək məcburiyyətini hiss etməzdi. Çünki meydanda "Qarabağ" sözünün qarşısında Azərbaycan yazılışının bu qədər uzun sürməsi düşməni qıcıqlandırır, planlarını pozur.

Bu planları pozmaq tək bir futbol komandasının işi, vəzifəsi deyil, amma bu da ümumi işə bir qatqıdı. "Qarabağ" öz döyüşünü bitirdi, görək Qarabağdakı döyüş nə vaxt başlayacaq ki, ona da sevinə bilək.

Əminliklə deyə bilərəm ki, Qurban Qurbanov millidə də işləməsəydi və bu məsələ ətrafındakı proseslər bu qədər çətin, hay-küylü hal almasaydı,

"Vorskla"nı evdə yenmək, Lissabon səfərindən xalla dönmək də olardı. Düzdü, qrupdan çıxmaq yenə də alınmayacaqdı, çünki ağdamlıların heyəti bu işin öhdəsindən gələcək səviyyədə deyildi.

Ndlovu, Almeyda, Enrikenin gedişindən sonra gələnlər sələflərinin yerini doldura bilmədilər. Ancaq hər halda ölkə reytinqinə daha çox xal yazdırmaq imkanı vardı, ondan da lazımınca yararlanılmadı.

Səbəblərini yuxarıda yazdım.

Ümumi avrokubok mövsümümüzün hüsranı "Neftçi"nin "Uypeşt" məğlubiyyəti, zəfəri isə "Qarabağ"ın Bakıda "Şerif" üzərindəki emosional qələbəsi idi. Detallara girməyə ehtiyac görmürəm, hələ yaddaşlarda təzədi, unutmaq imkanımız olmayıb.

Bu, avrokubok mövsümü Azərbaycan Premyer-Liqasının son nəfəsi idi. Ayağa durub bir Yasin oxumaq üçün hər cür səbəb var.

Bir daha əmin olduq ki, ölkənin əsas daxili yarışı daha avrokubok fatehləri yetişdirmək gücündə deyil, əksinə gələcək biabırçı məğlubiyyətlər üçün əla qara torpaqdı.

Azərbaycanda futbol yüksək sürətlə uçuruma yuvarlanmaqdadı, dibə çatmağa da çox qalmayıb. Uzağı iyulda başımız dəyib "qan aparanda" ayılacağıq, onda da gec olacaq.

Niyə belə oldu sualı haqda düşünəndə, bu statusu yadınıza salıb, "Kənan demişdi" deyərsiz. Ümid edirəm ki, belə olmayacaq, ancaq olma ehtimal böyükdü.

Hə, dostlar, Avropanın o biri ucundan - London şəhərindən, bu biri ucuna Mərdəkan qəsəbəsinə qayıdırıq.

Həm kəndimizə, həm də türklər demiş, "kəndimiz"ə. Ruhsuz, cansız çempionatımıza, mahiyyətsiz, mənasız Kubokumuza, hələ də niyə, necə oynandığı bilinməyən Divizionumuza, kirli, tərli, susuz qalmış Region Liqamıza.

O mahnıda necə idi? "Yine bana hüsran..."

KƏNAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti